“İran tərəfi iddia edir ki, ABŞ müharibə ilə əldə edə bilmədiyini danışıqlar masasında almaq istəyir. Ona görə də danışıqlar nəticə vermir".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, İran tərəfi məsələni bu cür qiymətləndirir:
“ABŞ Prezidenti Donald Tramp isə bildirdi ki, danışıqlar iki məsələyə görə “ilişdi”. Trampa görə, digər məsələləri razılaşdırmaq mümkün idi. Birinci məsələ İranın nüvə silahı əldə etmək sınaqlarını, uranı zənginləşdirmə proqramlarını aradan qaldırmaqdır. İrandan 60 faizə yaxın zənginləşdirdiyi uran tələb olunurdu. Bu, alınmadı.
İkinci məsələ isə Hörmüz boğazının açılması, təhlükəsizliyinin təmin olunmasıydı. İran bunu da qəbul etmədi. Nəticədə İslamabadda ilk danışıqlar nəticə vermədi. ABŞ nümayəndə heyəti ümumiyyətlə belə şəraitdə danışıqların davam etdirilməsini məqbul görmədi. Ancaq bununla nöqtə qoyulduğunu da demək olmaz. Çünki hələlik atəşkəsə əməl olunur, heç bir tərəf atəşkəsi pozmur. Pakistanın vasitəçiliyi ilə danışıqların davamlı olacağı etimalı edilir. Ona görə də konkret nəsə demək mümkün deyil”.

Rasim Musabəyov: İran ya cəsarət edərək ABŞ-yə məxsus gəmiləri vurmalı, ya da...
Deputat vurğulayıb ki, Hörmüz boğazında 800 gəmi demək olar, girova çevrilib:
“Orada 20 min heyət var. Ona görə də ABŞ elan edib ki, onların bölgədə sualtı, mina təmizləyən gəmiləri var və boğazı təhdidlərdən təmizləyəcəklər. Ondan sonra ABŞ-nin hərbi gəmiləri boğaza daxil olacaq və təhlükəsizliyi özləri təmin edəcək. O zaman İran ya cəsarət edərək ABŞ-yə məxsus gəmiləri vurmalı, ya da acizlik nümayiş etdirərək tamamilə geri çəkilməlidir”.
“İranın ABŞ gəmilərini hədəf alması atəşkəsin pozulması, müharibənin yenidən başlaması deməkdir”, - deyə Rasim Musabəyov vurğulayıb.
Aydın Baxış
Bakı 




