Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyət hesabatı dövlət maliyyə idarəetməsində mövcud vəziyyəti və əsas tendensiyaları əhatə edən mühüm sənəd kimi təqdim olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc parlamentin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hesabatda ötən il ərzində ümumilikdə 6,7 milyard manat dövlət vəsaitinin auditdən keçirildiyi, nəticədə 584 milyon manat uyğunsuzluq, 626 milyon manat maliyyə təhrifi və 342 milyon manat səmərəsiz xərclərin aşkar edildiyi bildirilir. Bu göstəricilər dövlət vəsaitlərinin idarə olunmasında planlaşdırma, icra və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.
Parlament üzvü vurğulayıb ki, sənəddə icbari tibbi sığorta sistemi üzrə də müəyyən uyğunsuzluqlara diqqət çəkilir. Belə ki, ayrılan vəsaitlərin hesablanmasında istifadə olunan məlumatlarla real statistik göstəricilər arasında fərqlər mövcuddur və adambaşına sığorta məbləğinin müəyyən olunması metodologiyasının tam aydın olmaması qeyd edilir. Bu isə sistemin daha şəffaf və dayanıqlı mexanizmlərlə təkmilləşdirilməsini zəruri edir.
Deputat söyləyib ki, hesabatda həmçinin sənaye və investisiya layihələrinin icrası da təhlil olunur. Bir sıra regionlarda açılan sənaye müəssisələrinin gözlənilən istehsal həcminə və iqtisadi səmərəyə tam nail ola bilmədiyi vurğulanır. Bu isə əsas problemin maliyyə vəsaitlərinin ayrılmasında deyil, layihələrin iqtisadi əsaslandırılması, idarə olunması və davamlı fəaliyyətinin təmin edilməsində olduğunu göstərir.
Zahid Oruc əlavə edib ki, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri xüsusi diqqət mərkəzindədir. Qarabağ və ətraf rayonlarda aparılan layihələr böyük strateji və tarixi əhəmiyyət daşısa da, bəzi hallarda dövlət vəsaitlərinin səmərəli istifadə olunmaması, kommersiya xarakterli obyektlərin dövlət büdcəsi hesabına tikilməsi və layihələrin icrasında gecikmələr müşahidə olunur. Eyni zamanda, tamamlanmış obyektlərin istismara verilməsində ləngimələr və istifadəsiz qalma halları da qeyd edilir ki, bu da əlavə maliyyə itkiləri və səmərəsizlik risklərini artırır.
Əli Hüseynov
Bakı 




