Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edərək Çin sədri Si Cinpin ilə görüşüb.
Görüşdə iki ölkənin daha ədalətli və bərabərhüquqlu qlobal idarəetmə sisteminin formalaşdırılması və strateji əməkdaşlığın dərinləşdirilməsi vurğulanıb.
Çin lideri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi tərəflərin uzunmüddətli strateji xəttə sadiq qalmasının vacibliyini qeyd edib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay bildirib ki, Putin–Si Cinpin görüşü olduqca strateji zamanlamada, qlobal güc balanslarının və rəqabətin mərkəzində baş tutan, eyni zamanda güc nümayişi xarakteri daşıyan bir görüşdür.
Politoloqun sözlərinə görə, görüşün bu qədər diqqət çəkməsinin və yüksək səviyyədə səmimi atmosferdə keçməsinin arxasında həm konkret razılaşmalar, həm də ABŞ Prezidenti Donald Trampın Çinə səfəri dayanır:
“Görüş Donald Trampın Pekinə etdiyi rəsmi səfəri başa vurmasından cəmi bir neçə gün sonra reallaşdı. Tramp Pekində böyük mərasimlə qarşılandı, lakin Hörmüz boğazının açılması və ya İran böhranında Çinin dəstəyi kimi mühüm məsələlərdə konkret nəticə əldə olunmadan geri döndü”.
Onun sözlərinə görə, Putinin dərhal Pekinə səfəri və Si Cinpinin onu Trampa göstərilməyən xüsusi səmimiyyətlə “köhnə dost” kimi qarşılaması dünyaya “Çin–Rusiya ittifaqı Qərbin təzyiqlərinə qarşı sarsılmazdır” mesajı verir:
“Liderlər iki ölkənin strateji tərəfdaşlığının 25-ci ildönümü münasibətilə bir araya gələrək, sanki yeni bir mehriban qonşuluq və əməkdaşlıq bəyanatı imzaladılar. Kremlin ‘47 səhifəlik siyasət sənədi’ kimi xarakterizə etdiyi birgə bəyanatla ‘çoxqütblü dünya nizamı’ və ‘yeni tipli beynəlxalq münasibətlər’ konsepsiyası təsdiqləndi”.

Hasan Oktay, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri
Professor vurğulayıb ki, Si Cinpin ad çəkmədən ABŞ-ni tənqid edərək, birtərəflilik və hegemon meyllərə qarşı Rusiya ilə birlikdə qlobal sabitliyi qorumağa davam edəcəklərini bildirib:
“Cinpin beynəlxalq sistemin ‘meşə qanunlarına’ çevrilməsinə imkan verməyəcəklərini qeyd etdi. Putin isə ikitərəfli münasibətlərin ‘tarixdə görünməmiş səviyyəyə’ çatdığını vurğuladı. Görüşlər zamanı o qədər çox sənəd imzalandı ki, vaxt qazanmaq üçün dörd rəsminin eyni anda iki sənədə imza atdığı qeyri-adi anlar da yaşandı”.
Sonda o qeyd edib ki, ümumilikdə iqtisadiyyat, energetika, süni intellekt və nəqliyyat daxil olmaqla təxminən 40 yeni müqavilə imzalanıb:
“Qapalı qapılar arxasında müzakirə olunan ən çətin mövzular isə Yaxın Şərqdəki müharibə və enerji marşrutları idi. Rusiya, Yaxın Şərqdəki müharibənin qlobal enerji təchizatına zərbə vuracağı təqdirdə Çinin enerji ehtiyaclarını qarşılamağı öhdəsinə götürür”.
Aydın Baxış
Bakı 




