ADA Universitetində jurnalistlər üçün iki günlük “Media və hibrid hücumlar” adlı seminara başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kristi Narinen və finlandiyalı ekspertlərin iştirakı ilə keçirilən təlim Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Seminarın açılışında çıxış edən Kristi Narinen bildirib ki, bugünkü gündə reallığa əsaslanan informasiya ilə saxta məlumatları bir-birindən ayırmaq çətinləşib və buna görə cəmiyyəti informasiya ilə təmin edən şəxslər, jurnalistlər üçün belə təlimlərin keçirilməsi daha da vacib olub:
"Hibrid təhlükənin olduğu şəraitdə bu cür təlimlər jurnalistlərin daha yaxşı hərəkət edə bilmələrinə kömək olar. Hibrid təhdidlərin gedişatını izləmək çətindir. Hibrid təhdidlərin əsas məqsədi ölkədə siyasi, iqtisadi hadisələrin gedişatına təsir göstərməkdir. Hibdrid təhdidləri həyata keçirən ölkələr təsir etmək istədikləri cəmiyyətlərdə onların xeyrinə qərar verilməsini, fikir formalaşmasını istəyirlər. Yeni dünya nizamı isə ölkələrin bununla mübarizəsini çətinləşdirir".
Kristi Narinenin sözlərinə görə, o cəmiyyətlərdə ki demokratiya və dəyərlər var, həmin yerlərdə hibrid təhdidlərə müqavimət güclü olur:
"Bütün ölkələrin hibrid təhdidlərə qarşı səciyyəvi çətinlikləri var. Hibdrid təhdidlərin əsas məqsədi insanlar arasında çaşqınlıq yaratmaqdır. Buna görə əvvəla, qəbul etmək lazımdır ki, hibdrid təhdid varsa, bu kənardan müdaxilədir. Bunu edən təşkilatın və ya ölkənin bunu etməkdə məqsədini bilmək və buna uyğun addım atmaq lazımdır".
"Hibrid təhdidlərə qarşı aparılan işlər davamlı olmalıdır. Bu istiqamətdə bizim işləməli olduğumuz əsas şəxslər siyasətçilərdirlər" , - deyə o qeyd edib.
Bildirilib ki, iki gün davam edəcək təlimdə hibrid təhdidlərə qarşı necə mübarizə aparmaq lazım olduğuna dair müzakirələr aparılacaq.