“Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə bu qəbildən olan ilk addım deyil. Bu qurum Avropa məkanında anti-Azərbaycan, anti-Türkiyə təbliğatı ilə məşğul olan təşkilata çevrilib. Dəfələrlə heç bir fakta əsaslanmayan, iftiralarla dolu qətnamələri qəbul etsələr də, Azərbaycan öz haqq davasından bir addım da olsa geri çəkilməyib. Sözügedən qətnamənin qəbulu Avropada ermənipərəst qüvvələrin hərəkətə keçdiyini göstərir və regionda sülh naminə görülən işlərə kölgə salmağa, sülh danışıqlarına zərbə vurulmasına hesablanıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.
O qeyd edib ki, 30 illik işğal dövründə bir dəfə də olsun Ermənistanın işğalını tənqid edən, Ermənistana qarşı müəyyən təzyiq, təsir mexanizimlərini, sanksiyaları özündə ehtiva edən bir addım atmayıb.
“Qarabağda baş verən son hadisələr, Azərbaycanın uğurları görünür bəzi avropalı parlamentariləri çox narahat edir. Onların bir qismi açıq şəkildə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə məcbur etmək istəyirlər.
Azərbaycana qarşı Avropa İttifaqının hər hansı sanksiyalarla çağırış etməsi və bu istiqamətdə qətnamə qəbul etməsi heç bir azərbaycanlı qarşısında öhdəlik yaratmır, heç bir hüquqi qüvvəyə malik deyil.
Avropa İttifaqının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi perspektivsizdir. Belə ki, Avropa İttifaqının 9 dövləti ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
Avropa Parlamentinin istənilən qərar və qətnamələrindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq siyasətini həyata keçirməyə davam edəcək. Regionda heç bir kənar qurumların rəyindən asılı olmayaraq, sülh gündəliyinin təşviq edilməsinə, sülhün və sabitliyin bərqərar olunmasına çalışacaq”, -deyə deputat J.Əliyeva bildirib.
Ramid İbrahimov
















