Erməni terror qruplaşması ASALA-nın İrəvan hakimiyyətini təhdid etdiyinə dair görüntülər yayılıb. Videoda Ermənistan və keçmiş qondarma rejimin “bayrağı” qarşısında dayanan 3 maskalı şəxsin Paşinyan hakimiyyətini təhdid etdiyi əks olunub.
Görüntülərdə İrəvanda hakimiyyət çevrilişinin ediləcəyinə dair fikirlər səsləndirilib. Videonun ASALA qruplaşmasına aid olduğu iddia edilsə də, terror təşkilatı daha sonra açıqlama yayaraq bunun saxta olduğunu bildirib. Terror təşkilatının açıqlamasında videonun özlərinə aid olmadığı, Ermənistanın hazırda çətin günlərdən keçdiyi və bunu başa düşdükləri bildirilib.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ASALA-nın Ermənistan baş naziri Nikol Paşinyanı təhdid etməsi real görünür.
Professorun sözlərinə görə, ASALA-nın yaradıcısı Rusiyadır: "ASALA Paşinyanın təhdid edilməsi videosunun onlarla əlaqəsinin olmadığını iddia etsə də, bu, reallıq da ola bilər. Həmçinin, Rusiyanın kəşfiyyat orqanları da belə bir layihə hazırlaya bilərlər”.
Müsahibimizə görə, aydın görünən odur ki, Rusiyanın müəyyən dairələri Paşinyanın hakimiyyətdən getməsini istəyir. O baxımdan ASALA adından istifadə etməklə belə bir təhdid videosu gündəmə çıxarıla bilər.

Cümşüd Nuriyev:Rusiyanın kəşfiyyat orqanları da belə bir layihə hazırlaya bilərlər
“Amma Paşinyanın terror təşkilatı tərəfindən öldürülməsi ehtimalı zəifdir. Çünki Ermənistan baş naziri Nikol Paşinyanın mühafizəsini ABŞ-ın kəşfiyyat orqanları -FBI və CİA təşkil edir. Həmçinin, Böyük Britaniya və Fransa kəşfiyyatı da baş nazirin mühafizəsini təşkil edir. O baxımdan Paşinyana sui-qəsdin baş tutma ehtimalı güclü deyil", - deyə Cümşüd Nuriyev vurğulayıb.
Aydın Baxış
















