“Autizm xəstəliyinə qızlara nisbətən oğlanlarda 4 dəfə çox rast gəlinir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova bildirib.
Mütəxəssis autizm spektr pozuntularına məhdud maraqlar və davranış, təkrarlanmalar, nitqdə gerilik, hiperaktivlik, əhval-ruhiyyənin qeyri stabilliyi əsas əlamətlər kimi göstərib: “Valideyinlər uşaq doğulduğu andan 3 yaşına qədər ana qucağında olmaq istəməməsi, anası və digər yaxın adamlar ilə əlaqə yaratmaması, ətrafda baş verən hadisələrə marağının olmaması, ailə üzvlərindən birinə güclü bağlılığına diqqət yetirilməlidi. 3 yaşdan yuxarı isə digər insanların emosiyalarını çətin anlamaları, dostluq münasibətləri bağlaya bilməməsi, öz təşəbbüsü ilə əlaqə yaratmaması, komanda oyunlarında iştirak edə bilməməsi, ətrafdakılara qarşı tənhalıq nümayişi valideynləri narahat etməlidir”.
G. Musabəyova autizmin dərman müalicəsinin indiyə qədər mübahisəli məsələ olaraq qaldığını vurğulayıb: “Medikamentoz və ya qeyri medikamentoz üsulların kompleks istifadəsi, uşağın ailəsi ilə psixoedukasiya və sosial iş ilə birgə aparılan müalicənin əsas prinsipidir. Uşaqlarda autizmin olması nə qədər tez aşkarlanarsa, göstərilən yardımlar daha da effektiv olacaq. Valideynlər övladlarına qarşı diqqətli olmalıdılar. İlk növbədə, mütəxəssislərin erkən müdaxiləsi çox önəmlidir”.
Nuranə Daxilqızı
















