Bakıda avtomobil salonunda yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200 kvadratmetr olan, üçmərtəbəli və avtomobil salonu kimi fəaliyyət göstərən obyektdə baş verdiyi, həmçinin yanğının yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində ofis otağında başlayan yanğın qısa müddətdə söndürülüb. Yanğının genişlənməsinə və salonda yerləşən avtomobillərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi 15 kvadratmetr olan otağın yanar konstruksiyaları yanıb. Həmçinin salonda yerləşən “BMW” markalı minik avtomobilinin arxa bamperi və işığı deformasiyaya uğrayıb.
Obyektin böyük hissəsi, eləcə də içəridə park edilmiş avtomobillər yanğından mühafizə olunub.
Əli Hüseynov
Bakı 



