Bu ilin yanvar-iyul aylarının nəticələrinə əsasən, "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) oturacaqların doluluq əmsalı ("seat factor") 83 % təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu AZAL-ın kommersiya direktoru Cəmil Manizadə bildirib.
Onun sözlərinə görə, daha tələbkar göstərici olan "load factor" isə 79 % səviyyəsindədir: "Uçuş şəbəkəmizdə daha uzunməsafəli istiqamətlərin payını artırdığımız üçün, əlavə etdiyimiz hər bir oturacaq daha uzun məsafə üzrə səmərəli şəkildə monetizasiya olunmalıdır".
C.Manizadə qeyd edib ki, oturacaqların doluluq əmsalı Türkiyə istiqaməti üzrə 84 %, MDB üzrə 80 % (bu zaman sərnişinlərin sayı 38 % artıb), Avropa üzrə 75 % (sərnişin sayı 7 % artıb), Asiya üzrə isə 75 % (sərnişin artımı – 64 %) təşkil edib.




