• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Azərbaycan Avropa siyasi xəritəsində: Tiranadan verilən strateji mesajlar

SİYASƏT

16 May 2025 | 17:33

Azərbaycan Avropa siyasi xəritəsində: Tiranadan verilən strateji mesajlar

Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı təkcə diplomatik təqvimdəki növbəti görüş deyil, qitənin siyasi gələcəyinə və regional güclər arasındakı münasibətlərə yön verən mühüm bir hadisə kimi qiymətləndirilir.

Bu zirvə, geosiyasi təlatümlər və enerji təhlükəsizliyi məsələlərinin qlobal gündəmin mərkəzində olduğu bir dövrdə baş tutdu. Prezident İlham Əliyevin bu toplantıda iştirakı isə Azərbaycanın beynəlxalq statusunun, regional və qlobal proseslərdə rolunun artdığını göstərən mühüm simvola çevrildi.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Zirvənin gündəmində duran əsas məsələlər arasında regional təhlükəsizlik, enerji təchizatı, iqlim dəyişikliyi və iqtisadi əməkdaşlıq kimi aktual mövzular yer alırdı. Şərqi Avropadakı davamlı gərginlik fonunda, iştirakçılardan regional sabitliyin qorunması və beynəlxalq hüququn prinsiplərinə sadiqliyin nümayiş etdirilməsi gözlənilirdi. Enerji təhlükəsizliyi, xüsusilə qış mövsümünün yaxınlaşması ilə daha da aktuallaşır və Avropa liderləri alternativ enerji mənbələrinin diversifikasiyası yollarını müzakirə etdilər:

"İqlim dəyişikliyi ilə mübarizə istiqamətində birgə səylərin artırılması zirvənin mühüm müzakirə mövzularından biri oldu. Eyni zamanda, iqtisadi əməkdaşlığın gücləndirilməsi, rəqabət qabiliyyətinin artırılması və davamlı inkişafın təşviqi də diqqət mərkəzində idi. Zirvə həmçinin Avropa Birliyinə üzv olmayan ölkələrlə siyasi dialoqun və əməkdaşlığın dərinləşdirilməsi üçün platforma rolunu oynadı. Qərbi Balkan ölkələrinin Avropa Birliyinə inteqrasiya prosesi də xüsusi müzakirə mövzularından biri oldu".

Onun fikrincə, bu kontekstdə, Azərbaycan Prezidenti İlham Əliyevin Tiranadakı iştirakı sadəcə bir diplomatik protokol deyil, Bakı ilə Avropa siyasi elitası arasında yeni mərhələyə keçidi əks etdirən strateji addım oldu. Bu iştirak bir daha sübut etdi ki, Azərbaycan artıq yalnız enerji xəritəsinin deyil, Avropadakı geosiyasi dialoqların da ayrılmaz iştirakçısına çevrilib:

"Son illər dünyada baş verən geosiyasi böhranlar, enerji sahəsindəki qeyri-sabitlik və regional qarşıdurmalar fonunda Azərbaycan stabil və etibarlı oyunçu statusu ilə seçilir. Məhz bu səbəbdən enerji və təhlükəsizlik sahəsində Avropa ilə əməkdaşlıqdan danışarkən Azərbaycanın adı ön sırada çəkilir. Prezident Əliyevin çıxışları və keçirdiyi görüşlər fonunda Avropa Birliyinin Azərbaycana baxış bucağı daha da dəqiqləşir. Bakı artıq təkcə tərəfdaş deyil, zəruri məsləhətçi və koordinasiya mərkəzinə çevrilir".

Tural İsmayılov, politoloq

Həmsöhbətimiz əlavə edib ki, Azərbaycanın təqdim etdiyi sülh gündəliyi, xüsusilə Cənubi Qafqazda sabitliyin təmin olunması baxımından Avropa liderləri tərəfindən ciddi qəbul edilir. Prezident Əliyevin ritorikası isə balanslı, praqmatik və strateji realizmlə səciyyələnir. Tiranada baş tutan görüşlər bir daha göstərdi ki, Bakı artıq yalnız regionun deyil, Avropanın da sabitlik xəritəsində mühüm aktordur:

"Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu xüsusilə əhəmiyyətlidir. Cənub Qaz Dəhlizi layihəsi və onun genişlənməsi Avropanın Rusiya qazından asılılığını azaltmaq yolunda əsas alternativlərdən biri hesab olunur. Prezident Əliyevin bu məsələ ilə bağlı verdiyi mesajlar isə Azərbaycanın etibarlı tərəfdaş kimi sözünün arxasında durduğunu bir daha nümayiş etdirdi. Bu, diplomatiyada təkcə hörmət deyil, strateji etibar qazandıran mövqedir".

Müsahibimiz həmçinin əlavə edib ki, digər mühüm məqam isə Azərbaycanın beynəlxalq münasibətlər sisteminə təqdim etdiyi suveren, balanslı və milli maraqlara söykənən siyasət modelidir. Bu model artıq beynəlxalq aləmdə "Azərbaycan modeli" kimi maraq doğurur. Zirvə çərçivəsində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər Azərbaycanın çevik və mötədil diplomatiyasını bir daha nümayiş etdirdi. Prezident Əliyevin çoxvektorlu yanaşması sayəsində Bakı öz milli orbitini formalaşdırıb və bu, yalnız region üçün deyil, beynəlxalq siyasi sistem üçün də yeni siyasi davranış nümunəsidir: 

"Tirana Zirvəsi bir daha göstərdi ki, Azərbaycanın diplomatik aktivliyi və geosiyasi çəkisi yüksəlməkdədir. Qərbin ən mürəkkəb siyasi platformalarından biri olan “Avropa Siyasi Birliyi”, Azərbaycanın beynəlxalq siyasi statusunun və liderliyinin mühüm göstəricisinə çevrilib. Bu platformada təkcə iştirak etmək deyil, istiqamət vermək əsas rol sayılır və Prezident İlham Əliyev bu missiyanı uğurla yerinə yetirir. Azərbaycanın sabitlik, enerji və diplomatiya sahəsindəki mövqeyi onu bu çətin və dəyişkən dövrdə qitənin əsas dayaqlarından birinə çevirir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

16 May 2025