Azərbaycanda sürüşkən iş rejiminin tətbiqi, hətta bəzi müəssisələr üçün bazar gününün iş günü elan edilməsi təklif olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa danışıb.
Deputat bildirib ki, tıxac probleminin həlli üçün müxtəlif yanaşmalar düşünülməlidir:
“Sürüşkən iş rejiminin tətbiqi mütləq həll olunmalıdır. Avropa və digər ölkələrdə buna artıq keçilib. Hətta bəzi müəssisələr bazar gününü iş günü kimi müəyyən edə bilər. İnsanların çoxu işə çatmaq üçün evdən iki saat əvvəl çıxır və eyni vaxtı geri qayıdarkən də sərf edir. Əgər vətəndaş sübut edə bilirsə ki, iki saatını tıxacda keçirirsə, işdən vaxtından əvvəl buraxılmalıdır".
F.Mustafa qeyd edib ki, hazırda Bakıda tıxac problemini həll etmək olduqca çətindir:
"Dövlət müəssisələrində çalışan vətəndaşların vəziyyətini yaxşılaşdırmaq vacibdir”.
Əli Hüseynov
Bakı 




