• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanda məktəblər onlayn tədrisə keçəcək?  - RƏYLƏR

CƏMİYYƏT

26 Sentyabr 2023 | 13:49

Azərbaycanda məktəblər onlayn tədrisə keçəcək?  - RƏYLƏR

Sentyabrın 20-də Rusiyanın Saratov vilayətində qrip və kəskin respirator virus infeksiyalarının (KRVİ) yayılması ilə əlaqədar 17 məktəb və bir uşaq bağçası karantinə bağlanıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə regional Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, üç uşaq bağçasında dörd qrup, həmçinin 83 məktəbdə 344 sinif qismən bağlanıb. Ümumilikdə Saratov vilayətində 650-dən çox məktəb var.

Şöbə əlavə edib ki, son bir həftə ərzində rayonda 11 mindən çox KRVİ hadisəsi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda da kəskin respirator virus infeksiyaları da yayılıb. Bundan başqa, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayı artır.  Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın yayımladığı koronavirusun statistikasında da görmək olar.

Bu isə valideynlər arasında məktəblərin bağlanacağı barədə söz-söhbətlərə rəvac verir.

Kəskin respirator virus infeksiyaları və koronavirus artdığı üçün Azərbaycanda da maska tədbiq edilə və ya məktəblər bağlana bilər?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan təhsil sistemi 2020-ci ilin martında pandemiya səbəbindən ənənəvi təhsildən onlayn təhsilə keçib: “Son illərin tədqiqatları göstərir ki, pandemiya dövründə tədrisin təşkili ilə bağlı ciddi problemlər var idi. Şagirdlərin zəruri bilik əldə etməsi ilə bağlı ciddi geriləmələr oldu. Cənab prezident İlham Əliyevin dediyi kimi, insanların sağlamlığı bizim üçün hər şeydən önəmlidir”.

Ekspert qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkələr arasında karantin rejimi 2024-cü ilə qədər uzadılıb: “Bu o deməkdir ki, ölkə ərazisində hələ də karantin rejimidir. Şagirdlər arasında xəstəlik kütləvi hal alarsa, qüvvədə olan qərara əsasən, onlayn tədrisıə keçirilə bilər. Bu hal qonşu dövlətlərdə də var. Zaman-zaman Avropa ölkələrində də müşahidə edirik ki, yoluxucu hallar baş verir”.

K.Əsədov deyib ki, lakin bu, Azərbaycana aid deyi. Onun sözlərinə görə, sentyabrın 15-dən bəri geridə qoyduğumuz günlər ərzində şagirdlərin davamiyyəti yaxşı, iştirak faizi kifayət qədər yüksəkdir: “Düzdür, bəzi şagirlər arasında müəyyən xəstəliklər yayılıb, amma kütləvi hal almayıb. Təbii ki, belə bir fakt olarsa, məktəblər bağlanacaq”.

Təhsil eksperti Elçin Əfəndi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyət hər il müşahidə etdiyimiz vəziyyətdir: “Hər il payız aylarına doğru mövsümi qriplər başlanır, respirator virus infeksiyaları geniş vüsət alır. Məktəb əhalinin daha çox sıxlaşdığı ünvandır. Təhsilə bağlı olan 2 milyon 6 yüz minə qədər şəxs var. Bunun 1 milyon 6 yüz mini məhz şagirdlərdir. Onlar yoluxduları zaman ailə üzvləri ilə birlikdə digər şəxsləri də yoluxdurma ehtimalları var”.

Onun sözlərinə görə, hazırda ölkəmizdə koronavirusla bağlı ciddi narahatlıq doğuran məqam yoxdur: “Əgər digər ölkələrdə yayılan variantlar ölkəmizdə də kəskin yayılarsa, təbii ki, qoruyucu maskadan istifadə edilə, qapadılmalara gedilə bilər. Hazırda maskadan istifadə etmək şəxsin öz ixtiyarındadır”.

Pediatr Qoşqar İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son dövrlərdə uşaqlar arasında virusa yoluxma halları artır: “Ancaq hələ ki labarator müayinələrdən keçmirlər. Ona görə, bunun adi qrip, paraqrip, yoxsa koronavirus olduğu çox klinikada araşdırılmır”.

“Araşdıran klinikalar da var ki, Omikron ştamının artdığını müşahidə edirik. Lakin bunu dəqiq demək üçün yaxmalar vermək lazımdır” deyə pediatr qeyd edib.

Qoşqar İsmayılov onu da deyib ki, hər il olduğu kimi, sentyabrda belə infeksiyalar artır.

Mövzu ilə bağlı Bakıvaxtı.az Azərbaycan Elm və Təhsil Nazirliyinə sorğu göndərib. “Bu barədə məlumat yoxdur”, - deyə nazirliyin cavabında bildirilir.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Iyul 2024