• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Azərbaycanlı olduğumu hər yerdə qürurla ifadə edirəm" - Şəms Arslan

MÜSAHİBƏ

26 Mart 2022 | 12:46

Azərbaycanlı olduğumu hər yerdə qürurla ifadə edirəm - Şəms Arslan

Hər kəs onu Türkiyənin televiziya ekranlarından gözəllik mütəxəssisi kimi yaxşı tanıyır. Bakıda doğulan, Türkiyənin tanınmış iş qadını, hər zaman azərbaycanlı olduğunu qürurla dilə gətirən bir Azərbaycan sevdalısı, kimya mütəxəssisi. Şəms Arslanla İstanbulda təşkil olunan İş Qadınları Asossiasiyasının toplantısında tanış olmuşduq, ən çox səmimiyyəti ilə yadımda qalmışdı. Novruz bayramı ərəfəsində, qarlı- şaxtalı İstanbul havasında Şəms xanım məni Bəbəkdəki ofisində bayram şəkərburası ilə qarşıladı, elə söhbətimiz də o qədər şirin oldu.

Bakıvaxtı.az azərbaycanlı iş adamı Şəms Arslanın müsahibəsini təqdim edir:

- Şəms xanım, özünüzü Azərbaycan oxucusuna necə təqdim edərdiz?  

- Bakıda doğulmuşam, bakılı qızıyam. Azərbaycan Neft Kimya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişəm, kimya mühəndisiyəm. Ziyalı ailədə böyümüşəm, atam Əli Sadıqov Kənd Təsərrüfatı nazirinin müavini və Azərbaycan KP MK-nın üzvü  olub, anam Firəngiz xanım Bakıdakı 277 saylı orta məktəbin direktor müavini işləyib. Onu da deyim ki, məktəbin açılışında anam şəxsən Azərbaycan Prezidentindən xahiş etmişdi ki, bu məktəb idman təmayüllü məktəbə çevrilsin və bu gün Azərbaycanın bir çox tanınmış idmançıları həmin məktəbin məzunudur.

1994- cü ildə Bakı Dövlət Universitetində təhsil alan Türkiyə vətəndaşı ilə ailə qurub öncə Türkiyənin Adana şəhərinə gəlmişəm, bir müddət orada yaşadıqdan sonra İstanbula köçmüşük. .

- Necə oldu ki, kimya mühəndisi gözəllik mütəxəssisi kimi tanındı?

- Mən hələ Adanaya yeni gələndə işlə bağlı bir çox yerlərdən təkliflər aldım, hətta bir müddət sonra Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin çəkilişində məni kimya mütəxəssisi kimi dəvət etdilər. Amma  o zaman mənim iki azyaşlı uşağım vardı, onlarla məşğul olurdum, həm də həyat yoldaşım çox qısqanc olduğu üçün buna icazə vermədi. Türkiyəyə yeni gəldiyimdə, buranın həyat tərzinə alışmağa, örf adətlərini öyrənməyə başladım. Evdə qayınanam və qayınatam evin böyükləri idi, uşaqlar bir az  xəstələnən kimi həmən xəstəxanaya aparırdılar. Mən alışmışdım Azərbaycanda daha çox xalq təbabəti, türkəçarə ilə müalicə üsullarına və mən burada öz üsullarımızdan istifadə etdikcə mənə deyirdilər sizin nə yaxşı müalicə metodlarınız var, çünkü xalq təbabəti modern tibb qədər önəmlidir. 

Mən həmişə özümü inkişaf etdirmək, bir addım öndə olmaq istəmişəm, həm anam müəllim olduğu üçün məndə də bir müəllim ruhu var, həm də laboratoriyalarda çox çalışan kimyaçı kimi bunları birləşdirib insan sağlamlığına faydalı nələrsə etmək istədim. Bunun üçün məsləki fəaliyyətimi daha da genişləndirərək, Türkiyədə kosmetik məhsulların hazırlanması kurslarına gedib bu işi mükəmməl öyrəndim. Onu da deyim ki, hələ Azərbaycanda ikən böyük marağım vardı, müəyyən kurslara gedib, çoxlu  bilgilər ədlə etmişdim. Həyat yoldaşım qısqanc olduğu üçün başqalarının yanında işləməyə icazə vermədi, amma dedi ki, sənə ofis açım, öz işini qur, mən də yanında olacam. Beləcə 2006-cı ildə İstanbulda “Şəms Arslan” şirkətini qurduq və tam bir il sonra mənim hazırladığım tərkibdə “inadcıl cild ləkələrinə qarşı” ilk məhsulumuzu istehsal etdik. Ümumiyyətlə, istehsal etdiyimiz məhsullar təbii maddələrdən hazırlanır, saç qırılmasına, tökülməsinə qarşı vegan saç baxımı məhsulları, iynəsiz, əməliyyatsız botoks təsiri olan krem, balzam və serumlar, günəş sonrası əmələ gələn xronikləşmiş cild ləkələrinə qarşı hazırladığımız məhsullar hamısı təbii üsullarla hazırlanr.

- Amma bildiyim qədəriylə məhsullarınız Türkiyədə istehsal olunmur. Bunun səbəbi nədir?

- Tələbə yoldaşlarımın bəziləri Avropaya, Amerikada, bir qismi də Bolqarıstanda yaşayır, bizim bir-birimiz ilə əlaqələrimiz hər zaman davan edir. Bolqarıstanda olan dostlarım böyük bir kosmetik laboratoriyısında işləyirlər, öncə mən onlarla telefonda danışıb məqsədimi onlara anlatdım, müzakirə etdik, gəl, burada sənə hər cür köməklik edərik dedilər, daha sonra getdiyimdə dünya standartlarına uyğun, müasir texnologiya ilə yüksək səviyyədə təchiz edilmiş laboratoriyalarını gördüm və onlarla çalışmağa qərar verdim.

- Amma Bolqarıstanda istehsal edib Türkiyəyə gətirmək də daha çox xərc tələb edir, axı...

- Doğrudur, çox baha başa gəlir, hətta ikiqat, amma bu iş gerçək bir güvən istər, dediyim kimi, orada mənim tələbə yoldaşlarım var, onlara çox güvənirəm, həm də onların texniki imkanları çox yaxşıdır, aparatları mükəmməldir. Mən bu əziyyətlərə ona görə qatlanıram ki, insanlara keyfiyyətli məhsul təqdim edim, gördüyüm iş məni utandırmasın.

- Türkiyənin şəhərlərində və Azərbaycanda mağazalarınınz varmı?

- Bəli var, mağazalarımız dedikdə, sahibi biz deyilik, isim haqlarımızdan istifadə edirlər, buna icazə vermişik, həm də orada çalışanlara mən kurs keçirəm, onlara bu işin incəliklərini öyrədirəm, rəsmi sertifikat verirəm və həmin kosmetik mağazalara istehsal etdiyimiz məhsulları topdan göndəririk. Mən bu şirkəti açanda, sadəcə özümü düşünmədim, yüzlərlə ev xanımına da iş imkanı yaratdım. Türkiyənin çeşidli bölgələrində yaşayan ev xanımlarına ilk göndərdiyimiz məhsullarımızı pulsuz verdik, sonra onlar özləri almağa başladılar və bu gün mənə çox təşəkkür edirlər, bu iş sayəsində borclarımızı ödədik, həyat şəraitimizi yaxşılaşdırdıq deyən, hətta bu qazancla ev alanlar da var, buna görə də özümü xoşbəxt hiss edirəm.

- Xeyriyyəçiliklə də məşğul olursunuz...

- Xeyriyyəçilik deyəndə, kiməsə pul vermirəm, amma yanımda yüzlərlə tələbə yetişdirirəm, bilirsiniz, bizim sahə sağlıq sektorudur, yüksək həssaslıq tələb edən işdir. Mənim yanıma Azərbaycandan çox gələnlər var, yenə də gələcəklər, həm qızlar, həm oğlanlar. Onlar burada mənim yanımda kurs keçib, rəsmi “Şəms Arslan” sertifikatı alıb, hazır mütəxəssis kimi qayıdırlar və buna görə mən onlardan pul almıram, lazım gəlirsə, buradakı xərclərini də qarşılayıram. 

HAŞİYƏ: Şəms xanımla söhbət zamanı öyrəndim ki, Bakı Tibb Kollecinin məzunu Zərinə da cild baxımı mütəxəssisi olmaq üçün Şəms Arslanın yanında kurs keçməyə gəlib. Kurs müddətində Şəms xanımın evində qalır.

- Şəms xanım, Azərbaycana tez-tez gedirsinizmi?

- Daha öncə az-az gedirdim, həm uşaqlar balaca idi, həm də zamanım olmurdu. Mənim Azərbaycanda 20 Yanvar hadisələrində yaralanan qazi qardaşım, xəstə anam var, onlara mən baxıram, yəni yanlarında ola bilməsəm də, maddi dəstək verirəm, bir də əlbəttə ki, Vətən həsrəti... (gözləri dolur)

... Amma Azərbaycan mediasından da, iş adamlarından da, bəzi dövlət rəsmilərindən də gileyliyəm. Otuz ilə yaxındır Türkiyədə yaşayıram və iş xanımıyam, yeganə azərbaycanlı gözəllik mütəxəssisiyəm ki, Türkiyənin müxtəlif televiziya kanallarında tez-tez qonaq oluram, bəzən də müəllif proqramlarım olur, qəzetlərdə mütəmadi yazılarım nəşr olunur, Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bir neçə dəfə görüşmüşəm, amma heç bir Azərbaycan televiziyası məni dəvət etmir, qəzeti mənim haqqımda yazmır, heç bir azərbaycanlı iş insani mənim qapımı açmır, Azərbaycanda keçirilən heç bir tədbirə dəvət etmirlər, elə bil ki, məni tamamilə unudublar, axi mən də bir Azərbaycan xanımıyam və hara gedirəmsə, bunu qürurla ifadə edirəm. Almaniyada nəşr olunam “Nəriman” dərgisi mənim haqqımda geniş məqalə dərc edib, könül istər ki, bunu öz doğma vətənim olan Azərbaycan mediası da etsin, siz ilk azərbaycanlı jurnalistsiz ki, gəlib məndən müsahibə götürürsünüz, çox təşəkkür edirəm.

Yaqut Misirxanlı


SON XƏBƏRLƏR