A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib.
Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
13:39
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
Qeyd olunub ki, məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".
Bildirilib ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.
13:24
Bakıda orta məktəbdə kütləvi zəhərlənmə olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Parlament prospekti 7/11 ünvanında yerləşən A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində baş verib.
Zəhərlənənlərin ibtidai sinif şagirdləri olduqları bildirilir.















