Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, müxtəlif saatlarda təcili tibbi yardım briqadaları vasitəsilə zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
***
11:37
Xətai rayonunda yerləşən iaşə obyektində müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədəTƏBİB-dən bildirilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30 radələrində çağırış daxil olub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
***
09:37
Dünən gecə 32 nəfərin toyda zəhərlənməsi ilə bağlı məsələni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hazırda araşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Məlumatda qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".
***
09:26
Dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə aprelin 19-u gecə 32 nəfər (23 qadın, 9 kişi) Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.
***
09:03
Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.
TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.
Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.