• Bakı 25° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Banu Dəvəli- Fırça ilə çəkilən simfoniya

MƏDƏNİYYƏT

01 Iyul 2022 | 12:27 | Müəllif: Qalib İbrahimoğlu

Banu Dəvəli- Fırça ilə çəkilən simfoniya

Azərbaycan Milli İncəsənət Muzeyi ölkəmizin ən böyük sənət məbədlərindən biridir. Dünya təsviri və tətbiqi sənətinin ölməz nümunələri burada qorunub saxlanılır. Muzeydə tez-tez görkəmli rəssamların, tanınmış fırça ustalarının sərgiləri təşkil olunur, əsərləri nümayiş edilir.

Banu Dəvəli bu möhtəşəm məkanda fərdi sərgi açmaq sevincini on beş yaşında yaşayıb. Tədbirə toplaşan adlı-sanlı sənət adamları, siyasi xadimlər və tanınmış ziyalılar gənc rəssamı təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıblar.

Düşüncə tərzinin əlvanlığı

Banu rəsm çəkməyə 9 yaşından başlayıb. Özü, valideynləri Vahab bəy, Təranə xanım, qardaşı Atilla bunun ötəri bir hiss olduğunu düşünüblər. Lakin zaman keçdikcə Banu rənglərin sehirli aləminə möhkəm bağlanıb. 2016-cı ildə KamART İncəsənət Qalereyasında dərnəyə yazılan gənc istedadın qarşısında yeni üfüqlər açılıb. KamART İncəsənət Qalereyasının direktoru Kəmalə Cəfərzadə həmin günləri belə xatırlayır: “Banunun hələ kiçik yaşlarından çəkdiyi al-əlvan fiqurlar, insan təsvirləri ilk tanışlığımızdan diqqətimi cəlb etdi. İstedadı, təsviri sənətin sirlərini yorulmadan öyrənməsi, öz üzərində səylə çalışması onun gələcəkdə bu sahədə ciddi addımlar ata biləcəyinə məndə inam yaratdı”.

Kəmalə xanım Banunun bədii düşüncə tərzini, əzmkarlığını, məqsədə doğru irəliləməsini xüsusi vurğulayır. Onun sözlərinə görə, gənc rəssamın özünəməxsus maraq dairəsi, çəkdiyi rəsmlərdəki rəngarənglik dərhal seçilir: “Natürmort, mənzərə, portret, animalistika janrında çəkdiyi rəsmlərdə sanki Banunun öz daxili aləmi əks olunub. Gənc rəssamın kağız və kətan üzərindəki xəyallar dünyası ilə tanış olanda heyran qalmamaq mümkün deyil. İşlədiyi hər bir incə detal onun zövqündən xəbər verir”.

Banu KamART İncəsənət Qalereyasında təhsil aldığı müddətdə müxtəlif tədbirlərdə, sərgi və sosial aksiyalarda öz fəallığı seçilib. O, Azərbaycanda və xarici ölkələrdə keçirilən rəsm müsabiqələrində dəfələrlə iştirak edib və laureat olmağı, mükafatlar qazanmağı bacarıb. Çox gənc olmasına baxmayaraq, Banu Dəvəli ABŞ-da, Yaponiyada, Türkiyədə və Çexiyada keçirilən müxtəlif mövzulu müsabiqələrdə uğur qazanıb. Əsərləri azərbaycanlı gənc rəssamların Londonda, Strasburqda, Sinqapurda, Dubayda təşkil edilən kollektiv sərgilərində nümayiş etdirilib və maraqla qarşılanıb.

İstedadlı gənc rəssam Banu Dəvəlinin Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Dürrü yekta” adlı ilk fərdi sərgisində 60-dan çox əsəri sənətsevərlərin müzakirəsinə təqdim olunub.

Duyğuların düşündürücü qatında

Banu kiçik yaşlarından başlayaraq Nardaran bağlarının gözəlliyini, eyvanlarından görünən mavi Xəzərin genişliyini, İsmayıllının yamyaşıl meşələrini, özünəməxsus Lahıc qəsəbəsini, Şamaxının nağıllar aləminə oxşayan Dəmirçi kəndini əsərlərində təsvir edib. İsveçrənin Luqano şəhərində təbiətin gözəlliklərini müşahidə edərək mənzərə təsvirləri yaradıb. Gənc rəssamın ölkəmizdə, eləcə də xaricdə keçirilən kollektiv sərgilərdə nümayiş etdirilən uğurlu işləri “Dürrü yekta” adlı ilk fərdi sərgisində də tamaşaçılara təqdim olunub. “Mis dolça və qız”, “Günəş batarkən”, “Simurq quşu”, “Əlvan kəpənəklər”, “Musiqinin həzin nəfəsi”, “Balaca balıqçı”, “Payız”, “Nar budağı”, “İçərişəhər”, “Lahıc”, “Azərbaycan əsgəri”, “Pələng”, “Rəfiqələr”, “Abşeron bağlarında” məhz belə əsərlərdəndir.

Gənclərin yaradıcılığını diqqətlə izləyən, öz dəyərli məsləhətlərini onlardan əsirgəməyən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Banu Dəvəlinin sənət axtarışlarını yüksək qiymətləndirir. Tanınmış sənətşünasın sözlərinə görə, gənc rəssam öz əsərlərində maraq dairəsini və yaradıcı təxəyyülünün sonsuzluğunu nümayiş etdirməyi bacarır: “…Banunun Zəfərimizin təminatçısı olan əsgərimizi düşmənə qənim kəsilən silahı ilə, qız portretini gül-çiçək və quşlarla, saçlarına gül düzən xanımı mis kuzə ilə, zənci gözəlini Afrika təbiəti ilə təqdim etməsini heç şübhəsiz başlıca olaraq müəllifin həmin obrazları daha zəngin tutumda ifadə etmək istəyinin təzahürü saymaq olar. Banunun çoxfiqurlu portret-kompozisiyalarında da ilham mənbəyi kimi seçdiyi insanlara özünəməxsus münasibətinin ifadəsi görünməkdədir. Elə onu təkfiqurlu bir çox portretlərində obrazların “təklənmə”si və onların fərdi yaşantılarla baş-başa qalmaları da məqsədli olub, obrazların daha dolğun görünməsinə xidmət edir. Belə rəsmlərində Banunun obraza ovqat daşıyıcılığı bəxş etməsi də gənc rəssamın uğuru hesab olunmalıdır.

Onun müxtəlif meyvələri və gülləri əks etdirən natürmortlarında da görünənləri estetik qaynağa çevirmək istəyinin yaddaqalan əksi ilə qarşılaşmaq mümkündür.

Gənc qızı xəyalları ilə baş-başa qoyan Banu bu dəfə təbiətlə insan fiqurunun vəhdətini estetik qaynağa çevirməyi bacarır. Sahilini evlər əhatələyən dənizə açılan pəncərədən təbiəti böyük maraqla seyr edən zərif vücudlu qızın təsvirində ifadə olunan lirik-poetik duyğular kifayət qədər duyulandır. Pəncərə çərçivəsini yuxarıdan tamamlayan qızılgüllərin, sinəsi bəyaz qayıqlı dənizin, eləcə də üst-üstə sıralanmaqla ümumi mənzərəyə romantik görkəm verən evlərin bütünlükdə obrazın yaddaqalan olmasına təsiri böyükdür məncə.

Banu Dəvəlinin rəsmlərində müşahidə olunan kompozisiya müxtəlifliyi, rənglərlə ovqat yaratmaq bacarığı və fərdi icra mədəniyyəti onun gələcəyinə ümidlə baxmağa tamaşaçıda möhkəm inam yaradır”.

Gənc və istedadlı rəssam Banu Dəvəli hesab edir ki, “Dürrü yekta” adlı ilk fərdi sərgisi onun gələcək uğurlarına gözəl bir vəsilə olacaq. Sənətə özünəməxsus baxışı, orijinal yaradıcılıq axtarışları diqqət çəkən Banunun əsərəri ilə yaxından tanış olan tamaşaçılar, sənətşünaslar da onun rəssamlıqda ciddi naliyyətlər əldə edəcəyinə ümidlidirlər.

Etibar Cəbrayıloğlu


Banu Dəvəli- Fırça ilə çəkilən simfoniyaBanu Dəvəli- Fırça ilə çəkilən simfoniyaBanu Dəvəli- Fırça ilə çəkilən simfoniyaBanu Dəvəli- Fırça ilə çəkilən simfoniya
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026