"Barselona"nın sabiq baş məşqçisi Xavi Ernandes klubdan gedişi, transfer uğursuzluqları və prezident Joan Laporta ilə münasibətləri barədə sensasiyalı açıqlamalar verib. Uzun müddət susmağı üstün tutan əfsanəvi futbolçu, klub tərəfindən yayılan rəsmi versiyanın tamamilə yalan olduğunu bildirib.
Bakıvaxtı.az İdman.Biz-ə istinadən bildirir ki, Xavinin açıqlamalarında ən diqqətçəkən məqamlar klubun idarəçiliyi və Lionel Messinin qayıdışı ilə bağlıdır.
"Klubu Laporta yox, başqası idarə edir"
Xavi bildirib ki, "Barselona"da real qərarları Joan Laporta deyil, onun yaxın adamı Alexandro Eçevariya verir:
"Məni işdən qovan Laporta olsa da, əslində bu qərarı Eçevariya vermişdi. Hazırda bu "Barsa" belə işləyir - klubu praktiki olaraq Alexandro idarə edir. Hətta Deku belə onun tərəfindən məhdudlaşdırılır. Bir dəfə ondan soruşdum ki, sən burada hansı rəsmi vəzifəni tutursan? Deku, Bojan orada idilər, amma mənim davam etməyəcəyimə məhz Alexandro qərar verdi. Ən üzücü olan isə odur ki, bunu üzümə demək əvəzinə iki-üç həftə gözlətdilər".
Messinin qayıdışını Laporta dayandırıb
Leo Messinin 2023-cü ildə kluba qayıtma ehtimalı barədə danışan Xavi, günahkarın prezident olduğunu vurğulayıb:
"Leonun qayıdışı artıq həll olunmuşdu. La Liqadan icazə almışdıq, həm Messi, həm də mən bunu çox istəyirdik. Lakin Laporta imzanı dayandırdı. Mənə dedi ki, Messinin qayıdışı onun əleyhinə işləyə bilər. Messinin gəlməməsinin səbəbi nə iqtisadi vəziyyət, nə də atasının çox pul istəməsi idi. Bu, yalandır. Sadəcə Laporta və ətrafı "yox" dedi".
Hansi Fliklə görüş və mənəvi miras
Xavi hazırkı baş məşqçi Hansi Fliklə münasibətlərinin əla olduğunu və alman mütəxəssisin onun evinə gələrək üzr istədiyini deyib:
"Flik çox dürüst insandır. Klub mən hələ baş məşqçi olduğum vaxt onunla danışıqlar apardığı üçün gəlib məndən üzr istədi. Hazırkı komandanın oyunundan həzz alıram. Lamin Yamal, Kubarsi, Pedri, Balde və Fermin kimi gəncləri komandaya qazandırdığım üçün qürur duyuram. Bu, mənim ən böyük mirasdırdır".
"Mən Laportaya yox, "Barselona"ya tərəfəm"
Mütəxəssis klubun hazırkı idarəçilik sistemini və daim davam edən daxili münaqişələri "biabırçılıq" adlandırıb:
"Onlar elə bir mühit yaradırlar ki, "Barselona"da ya bizimləsən, ya da bizə qarşısan. Bu, "hamı bizə qarşı" mentalitetidir. Mən Laportanın əleyhinə deyiləm, mən "Barselona"nın tərəfindəyəm. Bizə dürüst insanlar lazımdır. Artıq 20 ildir ki, münaqişələr içində yaşayırıq: Kroyff, Laporta, Sandro, Nunyes... Hər kəs bu klubun bir hissəsi olmalıdır".
"Mənim vaxtım bitdi"
Sonda Xavi bir daha heç vaxt "Barselona"ya qayıtmayacağını qəti şəkildə ifadə edib:
"Mənim həm oyunçu, həm də məşqçi kimi "Barselona"dakı vaxtım artıq keçdi. Amma həqiqətin bilinməsini istəyirdim. Mənimlə və Kumanla çox pis rəftar etdilər. Klubun tam yenidən qurulmasına ehtiyac var".
Bakı 




