Son zamanlar baş ağrısından şikayət edənlərin sayı artıb. Əksəriyyət hesab edir k, bu, havaların isinməsi ilə əlaqədardır. Bəs əslində baş ağrılarına daha çox nələr səbəb olur?
Terapevt Həbib Sahratov Bakıvaxtı.az-a bildirib ki, xəstəliklərin əksəriyyətində baş ağrıları müşahidə oluna bilər: “Baş ağrıları iki qrupa bölünür: birincili, ikincili. Birincili baş ağrıları birbaşa sinir sisteminə təsir edir və beyinin özünün xəstəlikləri ilə bağlı ola bilir. İkincili baş ağrıları isə, orqanizmdə olan hər hansı xəstəliyin fonunda özünü büruzə verir. Məsələn, mədə-bağırsaq xəstəliyi, ağciyər xəstəliyi, böyrək xəstəliyi və s.”
Müsahibimiz qeyd edib ki, baş ağrılarının qiymətləndirilməsii zamanı yoxlanılma çox önəmlidir. Xəstədə xroniki xəstəliklərin olub-olmaması yoxlanılmalıdır.
Terapevtin sözlərinə görə, baş ağrıları gənc yaşlarından, yetkinlik dönəmlərindən başlaya bilər. Ancaq bu proses uzun zaman davam edirsə, bunun miqren olduğunu düşünməliyik.
Həkim bildirib ki, əlavə olaraq hipertoniya xəstəlikləri də baş ağrıları verə bilər: “Stress və gərginlik, həmçinin təzyiqin aşağı olması, təzyiqin yüksək olması və s. baş ağrısı ilə müşahidə oluna bilər. Belə xəstələr, mütəmadi olaraq təzyiq dərmanı istifadə etməlidirlər”.
H.Sahratovun dediyinə görə, ikincili baş ağrıları həkim tərəfindən müayinə olunub, diaqnoz qoyulduqdan sonra müalicə olsa, daha xeyirli olar. Və nəticədə baş ağrısı keçib getmiş olar.
Qeyd edək ki, baş ağrıları zamanı, həkim məsləhəti olmadan, dərman qəbul etmək yalnışdır. Bu, əks təsir göstərə bilər. Həkim müayinəsindən sonra, baş ağrısının əsas qaynağını öyrənib, müalicə etməyiniz tövsiyyə olunur.
Xəyalə Rza
















