"Yaxın Şərqdəki münaqişə, onun gübrə və karbohidrogen qiymətlərinə təsiri milyonlarla insanı ərzaq təhlükəsizliyi problemi ilə üz-üzə qoyur".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dünya Bankının baş iqtisadçısı İndermit Gill "France-Presse" agentliyinə bildirib.
O qeyd edib ki, dünyada artıq təxminən 300 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkir:
"Bu rəqəm çox tez bir zamanda təxminən 20 faiz artacaq. Səbəb isə odur ki, fermerlər xərclərini azaltmaq üçün gübrə istifadəsini azaldır. Bu da qlobal taxıl istehsalının həcmini aşağı salır. Məlum vəziyyət bəzi ölkələri ixracı qadağan etməyə vadar edə bilər ki, bu da ərzaq qiymətlərini daha da artırar. İxrac qadağaları olduqca narahatedicidir. Məsələn, İran müharibənin ilk günlərində bütün ərzaq ixracını dayandırdığını elan edib".
İqtisadçı diqqətə çatdırıb ki, tez bir zamanda atəşkəs əldə edilməsə, aclıq ən həssas ölkələri tam güclə vurmağa başlayacaq:
"Hazırda Asiya karbohidrogen qiymətlərinin artması ilə əlaqəli çətinliklərdən ən çox təsirlənən qitədir. Böhran uzandıqca, bunlar çox sürətlə, əvvəlcə Afrikaya yayılacaq".
Onun sözlərinə görə, artan yanacaq və ərzaq qiymətlərinin kombinasiyası inflyasiyanı sürətləndirəcək və Dünya Bankının ən pessimist ssenarisinə görə, inflasiya bu il qlobal miqyasda 3%-dən 4,7%-ə yüksələcək:
"Bu proqnoz avqust ayına qədər davam edən münaqişə fərziyyəsinə əsaslanır. Müharibə bu yay davam edərsə, qlobal artım 2026-cı ildə təxminən 40% azala bilər".
Aydın Baxış
Bakı 




