• Bakı 26° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimat mərasimi olub

MEDİA

14 Iyul 2025 | 17:43

“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimat mərasimi olub

Rayon məkəzindəm 64 kilometr məsafədə, dəniz səviyyəsindən 2 min metr yüksəklidə yerləşən Başlıbel kəndi özünəməxsus təbiətə, füsunkar gözəlliklərə malikdir. Kəlbəcərin digər kəndləri kimi onun da suyu, diş göynədən bulaqları, təmiz havası, barlı-bərəkətli çölləri, məhsuldar torpaqları var. Bununla yanaşı, kəndin inkişafının çox keçməkeşli mərhələləri olub. Ucqar yaşayış məntəqəsinin ilk bünövrə daşlarının düzüldüyü vaxtdan ötən əsrin 90-ci illərinədək çoxlu çətinlikləri həmişə onu izləyib. Lakin buna baxmayaraq, istər kənd kolxoz quruculuğu, müharibə və aclıq illərində, istərsə də sonrakı illərdə çox böyük inkişaf yolu keçib. Rayonun ən böyük kəndi sayılan Başlıbel həm də ziyalılarının, əmək və döyüş qəhrəmanalrının sayı ilə də fərqlənib.

Təəssüf ki, çoxlu çətinlik və məhrumiyyətlər hesabına inkişaf yoluna çıxan kəndin yüksəliş və tərəqqi xətti 1993-cü ilin aprelində qırılıb. Rayonun işğalı zamanı doğma yurdunu tərk edə bilməyən Başlıbel sakinləri xilas olmaq üçün kəndin ətrafındakı kahalarda məskunlaşıb. 1993-cü il aprelin 18-də düşmən onların yerini öyrənərək müasir hərbi texnika və silhlarla onların üzərinə hücum edib. Gecə vaxtı silahlı basqın zamanı qaçıb canını qurtaran 30 nəfər dağlarda-daşlarda gizlənərək mühasirə həyatını 113 gün davam etdirib. Dörd aya yaxın davam edən ölüm-dirim mübarizəsindən sonra kahada məskunlaşan 29 nəfər sakin dağ yolları ilə Daşkəsən rayonuna çatıb, ixtiyar bir qoca isə sığınacaqda qalmağı daha üstün tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Elxan Salahovun qələmə aldığl “Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimat mərasimində bəhs olunub.

Təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu başı faciələr çəkmiş Başlıbel kəndi haqqında belə bir kitab yazılmasını çox faydalı və gərəkli iş olduğunu bildiriblər.

Milli Məclisin üzvləri Sevil Mikayılova, Rizvan Nəbiyev və Mircəlil Qasımlı “Başlıbel: yaranışdan işğaladək” kitabının ayrı-ayrı bölmələrində verilən kəndin nəinki quruculuq, həmçinin təhsil, sosial, səhiyyə və mədəni həyatı ilə bağlı mühüm və əhəmiyyətli məsələlərin işıqlandırıldığını qeyd ediblər. Onlar kəndin, rayonun inkişafında xidmətləri olan ayrı-ayrı adamların, zəngin toy adətlətinin, kəndlə bağlı toponimlərin və yaşlı nəslin nümayəndələrinin xatirələrinin verilməsinin kitaba müsbət çalarlar verdiyini önə çəkiblər. Ümumilikdə arxiv sənədləri və kənd ağsaqqallarının, yaşlı sakinlərin xatirələri əsasında hazırlanan kitab Başlıbeli daha yaxından tanımağa, onun keçmişinə, mədəniyyətinə və adət-ənənəsinə bələd olmağa imlkan verir.

Çıxış edən Əməkdar jurnalistlər Elşən Əliyev, Elşad Eyvazlı, jurnalist Məhəmməd Nərimanoğlu, kitabın redaktoru Süleyman Qaradağlı və başqaları müəllifin kitab üzərindəki yaradıcılıq işini, axtarışlarını xüsusi vurğulayıb və doğma kəndin tarixini araşdırmaq sahəsində uğurlu addım olduğunu diqqətə çatdırıblar.

Başlıbel kəndinin üzləşdiyi faciə ilə əlaqədar videoçarx nümayiyiş olunub.

Təqdimat mərasimi belə bir fikirlə yekunlaşıb: “Hər kitab bir abidədir. Müəllif çəkdiyi böyük zəhmət sayəsində doğma kəndinə gözəl bir abidə ucaldıb”.


SON XƏBƏRLƏR