Hər bayramdan sonra əksəriyyət artıq çəkidən şikayətlənir, bəzilərində hətta mədə-bağırsaq problem yaranır. Səbəb isə bəllidir; bayram günləri düzgün qidalanmaya diqqət etmədiyimizdən belə problenlərlə üzləşirik. Bəs bu problemlərin yaranmaması üçün bayram günləri qidalanmamızda nəyə diqqət etməliyik?
Dietoloq Ləman Süleymanova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan daha ağır, yağlı, hətta daha dadlı yeməkləri ilə dünya mətbəxində üstünlük təşkil edir: “Bayramı da xüsusi qeyd edirik. Hətta bayramlardan öncə belə, hazırlıqlaq başlayır, müxtəlif şirniyyatlar, dadlı yeməklər süfrəmizin bəzəyi olur. Bayramı kimisi restoranda, kimisi də evdə qeyd edir. Bir mütəxəssis kimi onu deyə bilərəm ki, artıq çəkidən əziyyət çəkənlərin sayı məhz elə bayramdan sonraya təsadüf edir. Yəni, bayramdan sonra müraciət edənlərin sayı daha da üstünlük təşkil edir”.
Onun sözlərinə görə, həmişə hər kəsi ləziz yeməklərdən dadmaqla yanaşı normada qalmaq maraqlandırıb. Hər kəs istər ki, həm doyunca yesin, həm də sağlam və gözəl bədənini qorusun. Dietoloq deyir ki, insanın qidalanması görünüşünə birbaşa təsir edir: “Yəni bizim daxilə qəbul etdiyimiz ilk hava kütləsindən digər qidalara qədər hər biri insan orqanizmində xüsusi filterdən keçir və təstiq olunur. Buna görə də, hər zaman yediyimiz qidalara diqqət etməyə çalışmalıyıq. İnsanın sağlam qidalanması Allah tərəfindən əmr verilib. Sağlam qidalanma həyatı boyu insana lazım olur”.
L.Süleymanovanın sözlərinə görə, süfrə mədəniyyətimiz ön planda olmalıdır: “Çünki insan qidalanarkən süfrə mədəniyyətinə riyaət etsə, ilk addımı atmış olar. Süfrədə qidalar bir-birinə uyuşmalıdır. Bu, nəinki bayram, ev yeməklərinə, həmçinin restoran, toy yeməklərinə də aiddir. Məsələn, dondurma, meyvələr, yağlı yeməklər hamısı qarışır bir-birinə. Nəzərə alsaq ki, bayram süfrəsi daha çox axşam qurulur, bu növ qidalar, təbii ki, fəsadlara, mədə-bağırsaq xəstəliyinə yol aça bilər. Şəkər və təzyiq xəstələrinə də mənfi təsirləri ola bilər. Məsələn, arterial təzyiqi yüksək və şəkər xəstəsi olan insanların axşam saatlarında yağlı yemək, bol maye, yeməkdən sonra şirniyyatlar yeməsi qanda şəkərin artımına səbəb ola bilər. Bu da risklidir, həyati təhlükəyə gətirib çıxarır”.
Dietoloq bundan əlavə, mədə və onikibarmaq bağırsaq xora xəstəliyindən əziyyət çəkənlərin qarışıq qidalardan mümkün qədər az istifadə etmələrini tövsiyə edir: “Məsələn, yağlı yeməkdən sonra meyvə-tərəvəz meteorizm köpünün əmələ gəlməsinə gətirib çıxara bilər. Belə insanlarda qəbzlik, ürək bulanması, halsızlıq, mədədə yanğı müşahidə oluna bilər. Ona görə də, çalışmalıyıq ki, mümkün qədər düzgün qidalanaq. Qeyd etdiyim kimi, yeməklər süfrədə düzgün düzülməlidir. Birinci mütləq maye qəbul edilməli, sonra yüngül meyvə-tərəvəzlərdən dadıb 1-2-3 çeşitdən artıq olmayaraq yüngül qidalardan istifadə etməliyik. Yarım saat sonra isə mütləq bitki çayı içməli, gün ərzində də aktiv olmağa çalışmalıyıq”.
Aytac Aslan
















