Bakı Dövlət Universitetinin saytında qeyd edilib ki, “BDU dünya universitetlərinin reytinq siyahısında yer alıb. Azərbaycan tarixində bir ilk!
Azərbaycan Universitetləri arasında ilk dəfə olaraq Bakı Dövlət Universiteti dünyanın ən nüfuzlu reytinq qurumlarından olan “Times Higher Education” üzrə 2022-ci il dünya universitetlərinin reytinq siyahısında yer alıb."
Qeyd edək ki, THE reytinq cədvəli 2003-cü ildən hər il tərtib edilir. O illərdə TOP 200-də və TOP-500-də 2 rus universiteti yer alırdı, Moskva və Sankt Peterburq Dövlət Universitetləri. Daha sonra başqa reytinq cədvəlləri də yarandı. TOP-1000, TOP-1500, QS, Şanxay reytinq cədvəli, yeni yaradılan universitetlər (son 30 ildə yaradılan) üzrə reytinq cədvəli, VEBMETRİCA və s.
THE reytinq cədvəli daha nüfuzlu hesab edilir. RF-da 2010-2015-ci illərdə "TOP 5 /100" adlı dövlət proqramı icra edildi, proqram çərçivəsində Rusiya universitetlərinə ciddi maliyyə yatırıldı, nəticədə onların qlobal reytinqləmələrdə vəziyyətləri qismən yaxşılaşdı.
Azərbaycan Universitetlərinin heç birinin 2008-ci ildə bu reytinq cədvəllərində adı yox idi. 2008-ci ildə biz belə bir araşdırma apardıq: o vaxt dünyada mövcud olan 20.000 universitetin (indi onların sayi 30.000-dən çoxdur) reytinq sıralaması olsaydı, Azərbaycan universitetləri görəsən hansı mövqedə olardı? O vaxtki təxmini araşdırmalar göstərdi ki, 2008-ci ildə TOP 10000 universitetin içində heç bir universitetimiz də yoxdur. Keçən bu illər ərzində beynəlxalq reytinqləmə sahəsində universitetlərimizdə ciddi dəyişikliklər olmayıb.
2008-ci ildə bu mövzuda "Qloballaşma və Milli universitetlər" adlı geniş məqalə dərc etdik. Həmən yazı bu mövzuda ölkədə yazılan ilk məqalə idi. Nəhayət ki, 2008-ci ildə (qeyd etdiyimiz kimi, 2003-cü ildən dünya universitetlərinin reytinq cədvəli hər il tərtib edilir) TN bildi ki, dünya universitetlərinin reytinq cədvəli adlı sıralama mövcuddur.
TN 2010-cu ildə milli universitetlərin reytinq sıralaması meyarları hazırladı (qlobal meyarlardan təbii ki, xeyli yüngül şərtlərlə). Sonra bir neçə il ərzində bu meyarlar əsasında universitetlərimizin milli reytinqlənməsi aparıldı. 2013-dən sonra bu istiqamətdə nələrinsə edilməsi barədə dəqiq məlumatım yoxdur.
Times Higher Education reytinqinin təşkilatçıları 79 ölkənin universitetlərində tədris və tədqiqatın keyfiyyətini, biliklərin və innovasiyaların yayılmasının səviyyəsini tədqiq edirlər. Həmçinin bu reytinqdə maliyyə göstəriciləri əsasında universitetlərin effektivliyi və material bazasının keyfiyyəti qiymətləndirilir.
Reytinqin mahiyyətini anlamaq və müqayisə aparmaq üçün Rusiya Universitetlərinin vəziyyətinə baxaq. Rusiya Universitetləri içərisində Lomonosov adına Moskva Dövlət Universiteti 16 pozisya irəliləyərək ilk dəfə olaraq 158-ci yerdə qərarlaşıb. Yəni MDU TOP-200 reytinqdə yer alıb. Moskva Fizika - Texnika institutu 250-ci yerdə olmaqla ikincidir (bu institutun 3 fizik alimi Nobel mükafatına layiq görülüb).Rusiyanın nəhəng Ali məktəblərindən biri olan Ali İqtisadiyyat Məktəbi 350-ci yerdədir. Bu reytinqdə birinci yeri 6 ildir ki, Oksford Universiteti tutur. İkinci yerdə Kaliforniya Texnoloji İnstitutu, 3-cü yeri isə Harvard tutur. TOP-200 siyahıda Amerikanın 57 Universiteti, Böyük Britaniyanın 28 universiteti, Almaniyanın 22 universiteti və kəmiyyət göstəricilərinə görə Rusiyanın 26 universiteti yer alıb.
2021-ci ilin reytinqində 99 ölkənin 1662 Universiteti yer alıb.
Dosent İlham Əhmədov
Bakıvaxtı.az
















