Avropa İttifaqının (Aİ) Azərbaycanla münasibətlərində minatəmizləmə sahəsinə artan marağı regionun müharibədən sonrakı reallıqları və təhlükəsizlik çağırışları ilə sıx bağlıdır. Xüsusilə İkinci Qarabağ müharibəsi sonrası dövrdə işğaldan azad edilmiş ərazilərdə geniş mina və partlamamış sursat problemi həm humanitar, həm də iqtisadi baxımdan ciddi maneələr yaradır.
Bu kontekstdə Aİ-nin minatəmizləmə fəaliyyətlərinə dəstək verməsi bir tərəfdən regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, digər tərəfdən isə məcburi köçkünlərin geri dönüşünün sürətləndirilməsinə xidmət edir.
Eyni zamanda, bu maraq Aİ-nin Cənubi Qafqazda daha fəal rol oynamaq və təsir imkanlarını genişləndirmək kimi strateji məqsədləri ilə də uzlaşır.
Tərəfdaşlıq fonunda Aİ–Azərbaycan münasibətlərinin genişlənməsi isə yalnız təhlükəsizlik və humanitar sahələrlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, yaşıl enerji, rəqəmsal transformasiya və ticarət kimi istiqamətlərdə əməkdaşlıq yeni imkanlar yaradır.
Aİ-nin Azərbaycanla münasibətlərdə minatəmizləmə sahəsinə marağı hansı strateji məqsədlərlə bağlıdır? Tərəfdaşlıq fonunda Aİ–Azərbaycan münasibətlərinin genişlənməsi hansı yeni əməkdaşlıq istiqamətlərini ortaya çıxarır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, mina təmizləmə Avropa İttifaqı üçün sadəcə humanitar layihə deyil, bu regionda təhlükəsizlik, enerji, logistika və iqtisadi təsirin artırılması üçün mühüm bir addımdır. Bu əməkdaşlıq dərinləşdikcə, təbii ki, münasibətlər də daha çox sahəni əhatə edə bilər və gələcəkdə təbii ki, strateji bir tərəfdaşlığa çevrilə bilər:
"Əsas məqam ondan ibarətdir ki, mina təmizləmə strateji səbəbləri regionda sabitliyin və təhlükəsizliyin əldə edilməsidir. Məlum məsələdir ki, ümumi Cənubi Qafqaz üçün Avropa İttifaqının marağı həm enerji, həm nəqliyyat baxımından çox mühümdür. Müharibədən sonra minalanmış ərazilərdə təhlükə mənbəyi qalır və bu mina təmizləmə də regionda dayanıqlı sabitliyin formalaşmasına xidmət edir".

Arzu Nağıyev: Bu gün Azərbaycan Avropa üçün enerji təhlükəsizliyinə təhdidin qarşısını alan bir dövlətdir
Onun sözlərinə görə, digər məsələ humanitar və digər siyasətdir. Yəni, insan hüquqları, humanitar yardım, mülki təhlükəsizlik məsələləri çox mühüm addım kimi dünyada dəyərləndirilir və Avropa İttifaqı da bundan istifadə etməyə çalışır:
"Eyni zamanda enerji və nəqliyyat layihələrinin təhlükəsizliyidir. Bu gün Azərbaycan Avropa üçün enerji təhlükəsizliyinə təhdidin qarşısını alan bir dövlətdir. Buna görə də Avropa İttifaqı ilə əməkdaşlıq Cənub Qaz Dəhlizi kimi digər layihələrin təhlükəsizliyi çox önəmlidir. Buna görə də Avropa İttifaqı bu addımı atır".
Həmsöhbətimizin dediyinə görə, iqtisadi maraqlar da öz yerindədir, mina təmizləmə bu prosesin ilkin şərti kimi dəyərləndirilir:
"Avropa İttifaqı - Azərbaycan münasibətlərində yeni bir əməkdaşlıq açılır. Eyni zamanda yaşıl enerji və enerji keçidi, Azərbaycanın bərpa olunan enerji potensialının Avropa İttifaqının enerji şaxələndirməsi strategiyası ilə üst-üstə düşməsi, nəqliyyat və logistika, Orta Dəhliz, Avropa və Asiyanı, Çinlə Avropanı birləşdirən xüsusi istiqamət, xüsusi Trans-Xəzər istiqaməti - bunlar çox mühüm məsələdir".
Müsahibimiz onu da vurğulayıb ki, burada digər əməkdaşlığı da qeyd etmək olar:
"Bu, təhlükəsizlik və sərhəd idarəçiliyidir, rəqəmsal və texnoloji əməkdaşlıqdır, gələcəkdə müəyyən proqramların, müəyyən təhsil sisteminin məhz mina təmizləmə ilə bağlı keçirilməsi sahəsində təcrübə mübadiləsidir. Bir sözlə, bu çox mühüm bir istiqamətdir və düşünürəm ki, Avropa İttifaqı ilə bu istiqamətdə olan tərəfdaşlıq, əməkdaşlıq gələcəkdə işğaldan azad olunmuş ərazilərə böyük köçün tam həyata keçirilməsində mühüm rol oynayacaq".
Əli Hüseynov
Bakı 




