q
  • Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Mədə yanması niyə olur? Səbəblər, qarşısını alma yolları və müalicə

CƏMİYYƏT

22 Aprel 2026 | 14:37

Mədə yanması niyə olur? Səbəblər, qarşısını alma yolları və müalicə

Mədə yanması bir çox insanın şikayət etdiyi sağlamlıq problemlərindən biridir.

Bakıvaxtı.az xəbər verir ki, mədə yanması sinə bölgəsində yanma hissi ilə özünü göstərir. Bu vəziyyətdə tibbdə Qastroezofageal reflyuks xəstəliyi adlanır.

Mədə yanması adətən yemək yedikdən sonra əmələ gəlir. Reflyuks xəstəliyi insanların həyat keyfiyyətini aşağı salmaqla yanaşı, qida borusunda daralma, eroziyalar, Barret ezofaqus kimi xərçəngönü vəziyyətlərə gətirib çıxara bilər.

Reflyuksun əsasən tipik və atipik əlamətləri var.Tipik əlamətlərə döş sümüyü arxasında yanma hissi, yeyilən qida qalıqlarının ağıza qayıtması, ağızda acı, turş su gəlməsi kimi əlamətlər aiddir.Atipik əlamətlər isə öskürək, laringit, astma, dişdə eroziyalar, sinədə ağrı, sinusit, faringit, təkrarlanan orta qulaq iltihabı daxildir.

Bu xəstəliyin yaranmasına bir sıra amillər təsir edə bilər. Məsələn, həddindən artıq yağlı və ya ədviyyatlı qidalar qəbul etmək, çox kafein və ya alkoqol qəbul etmək, piylənmə və hamiləlik kimi faktorlar mədə yanmasına səbəb ola bilər. Bundan əlavə, gündəlik stres və narahatlıq da həzm sistemi üzərində mənfi təsirlərə sahib ola bilər.

Mədə yanması sadəcə bir simptomdur və bu simptomun səbəbi olan vəziyyətin dəqiq müəyyənləşdirilməsi düzgün müalicə üçün vacibdir. Mədə yanmasının diaqnostikası bir neçə mərhələdən ibarətdir və həm xəstənin şikayətlərinə, həm də texniki müayinələrin nəticələrinə əsaslanır. İlkin mərhələdə həkim xəstənin şikayətlərini dinləyərək simptomların tezliyini, başlanma zamanını, yemək və həyat tərzi ilə əlaqəsini təhlil edir. Mədə yanmasının səbəbini müəyyənləşdirmək üçün ən dəqiq üsullardan biri endoskopiyadır. Endoskopiya – mədə və qida borusunun içərisinin görüntülənməsidir. Bu üsulla qida borusunun iltihabı (ezofagit), qida borusu xoraları, qastrit, Helicobacter pylori infeksiyası və digər struktur dəyişikliklər aşkarlana bilər. Xüsusilə uzunmüddətli və ya dərmanlara cavab verməyən hallarda endoskopiya mütləq tövsiyə olunur. 

Əgər endoskopiya ilə qabarıq struktur dəyişikliklər müşahidə olunmursa, pH-metriya kimi funksional testlər tətbiq olunur. Bu metodda qida borusuna yerləşdirilən nazik bir sensor 24 saat ərzində mədə turşusunun qida borusuna nə qədər tez-tez və hansı səviyyədə geri qayıtdığını ölçür. Nəticələr reflünün ciddiyyətini və müalicəyə ehtiyac səviyyəsini müəyyənləşdirməkdə mühüm rol oynayır. Bundan əlavə, bəzi hallarda manometriya (qida borusunun hərəkətliliyinin ölçülməsi) və Helicobacter pylori testi də aparılır. Bu testlər diaqnostikanı tamamlamaq və səbəbə uyğun müalicə planlamaq üçün vacibdir. Xəstəliyin müalicəsində dərman və həyat tərzi dəyişikliyi nəticə vermirsə və xəstəlik xronikləşərək qida borusunda ciddi zədələnmələrə (ezofagit, daralma və ya Barrett sindromu) səbəb olursa, bu halda cərrahi müalicə gündəmə gələ bilər. 

Mədə yanmasının qarşısını almaq üçün aşağıdakı qaydalara əməl edə bilərsiniz:

Siqaret və içki istifadəsini mümkün qədər məhdudlaşdırın.
Yatmazdan ən azı 2-3 saat əvvəl qida qəbul edin.
Sağlam qidalanma rejimi yaradın və mədənizi yormamağa çalışın.
Pomidor, limon, nanə, şokolad və ədviyyatlı yeməklərdən uzaq durun.
Çəkinizi nəzarət altında saxlayın.
Sol tərəfinizə doğru yatmağa diqqət edin.
Yemək yedikdən sonra uzanmaq və ya əyilmək kimi hərəkətlər etməyin.
Fiziki hərəkətə üstünlük verin.

Gülşən Şərif


SON XƏBƏRLƏR