Havaların isinməyi ilə insanların su içmək tələbatı daha da artır. Əksəriyyət susuzluğunu yatırtmaq üçün rəngli qazlı içkilərə üstünlük verir. Bəs bu sular insan orqanizmi üçün nə dərəcədə faydalıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan qida eksperti Ağa Salamov deyib ki, insan orqanizmi üçün ən faydalı su diri sudur. Yəni, tərkibində mineralları qalmış su: "Rəngli qazlı içkilərin PH-ı saf suya nisbətən çox aşağıdır. Bunun orqanizmə heç bir faydası yoxdur. Nə mineral var, nə faydalı elementlər... Bu da nəticədə mədə-xora, qan-damar xəstəliklərinə gətirib çıxarır".
Onun sözlərinə görə, çalıçıb saf su içək. Çünki, qazlı içkilərə nisbətən onların PH-ı daha yüksək olur. Yaxud, lifli meyvə şirələrindən hazırlanmış kompotları da içə bilərik. Həmin kompotlar bağırsaq florasına müsbət təsir göstərir.

Ağa Salamov: Qaraciyərin piylənməsinə də gətirib çıxaran elə həmin qazlı içkilərdir
Bununla belə, müsahibimiz çox şəkərli kompotlara üstünlük verilməməsini məsləhət göürür: “Çalışıb maksimum dərəcədə az şəkərli şirələrdən istifadə etmək olar. Həmçinin çox şəkərli içəndə insan daha da susuzlayır”.
Müsahibimiz xüsusilə vurğulayıb ki, qaraciyərin piylənməsinə də gətirib çıxaran elə həmin qazlı içkilərdir: "Uşaqlarda inkişafın qarşısını alır. Sümük əriməsinə gətirib çıxarır. Kilolu insanlar, yaşlılar, bir sözlə, hər kəs rəngli qazlı içkilər əvəzinə şirə, mineral sular, təbii meyvə kompotları istifadə edərək susuzluğun qarışını ala bilərlər".
Ekspert suyu dadlandırmaq üçün məsləhətlər də verib: "Nəzərə alsaq ki, yayda tərləyəndə tər vasitəsilə duz ixrac olunur. Ona görə də çox olmamaq şərti ilə, suya duz və sirkə əlavə edə bilərik. Məsələn, 200 ml suya bir çay qaşığı (5 qr) sirkə və bir çimdik duz əlavə edib içə bilərik. Bu, suya dad verəcək".
Xəyalə Rza
















