Yay mövsümünün gəlişi ilə dəniz və çimərliklər istirahət üçün ən çox üz tutulan məkanlara çevrilir. Havanın isti keçməsi səbəbindən hər gün minlərlə insan, o cümlədən azyaşlı uşaqları olan ailələr çimərliklərə axışır.
Lakin müşahidələr göstərir ki, bəzi valideynlər istirahət zamanı övladlarını nəzarətsiz buraxır, diqqətlərini söhbətə, telefona və ya digər işlərə yönəldərək uşaqların harada olduqlarını izləmirlər. Azyaşlıların sahildə tək hərəkət etməsi, böyüklərin müşayiəti olmadan suya yaxınlaşması və ya dənizə girməsi isə çimərliklərdə tez-tez rast gəlinən hallardandır. Bu cür məsuliyyətsiz yanaşma uşaqların həyatını ciddi təhlükə ilə üz-üzə qoya bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib ki, valideyn yalnız çimərlikdə deyil, hər yerdə – küçədə, parkda, məhəllədə, mağazada və digər ictimai məkanlarda uşağını daim nəzarətdə saxlamalıdır:
“Çimərlik insanın xarakterini dəyişmir. Məsuliyyətli valideyn hər yerdə məsuliyyətli olduğu kimi, məsuliyyətsiz valideyn də istənilən şəraitdə eyni davranışı nümayiş etdirir. Məsuliyyətsiz valideyn uşağını çimərlikdə nəzarətsiz buraxır, onu təhlükə ilə üz-üzə qoyur. Hadisə baş verəndən sonra isə hamı “Niyə belə oldu” sualını verir. Halbuki bu cür halların əsas səbəblərindən biri valideyn məsuliyyətsizliyidir. Eyni məsuliyyətsizlik evdə də özünü göstərir. Bəzən valideyn düşünür ki, ev təhlükəsiz yerdir. Amma əslində, evdə də uşaqlar üçün kifayət qədər risk var”.
Sosioloq qeyd edib ki, buna ən sadə nümunələrdən biri uşağın əlinə nəzarətsiz şəkildə telefon verilməsidir:
“Valideyn nəzərə almır ki, özünün baxdığı və maraqlandığı məzmunlar sosial şəbəkələrin alqoritmləri səbəbindən uşağın qarşısına da çıxa bilər. Evdə bu məsuliyyəti hiss etməyən valideynin çimərlikdə də diqqətli olacağını gözləmək çətindir. O, istirahətə, günəşlənməyə və ya söhbətə başı qarışdığı anda uşaq nəzarətdən çıxır və təhlükə ilə üzləşə bilir”.
Müsahibimiz vurğulayıb ki, valideynlik, xüsusilə analıq böyük məsuliyyət tələb edir. “Ana” sözü təkcə bioloji olaraq uşaq dünyaya gətirmək deyil, həm də sevgi, qayğı, fədakarlıq və məsuliyyət deməkdir. Dediyinə görə, təəssüf ki, elə analar da var ki, bu məsuliyyəti kifayət qədər hiss etmirlər. Halbuki övladın məsuliyyəti yalnız körpəlik dövründə deyil, böyüyənə, müstəqil həyata qədəm qoyana qədər, hətta ondan sonra da valideynin üzərində qalır.
Mətənət Məmmədova: Evdə uşağını qoruya bilməyən ana çimərlikdə də onu qoruya bilməyəcək
Həmsöhbətimiz əlavə edib ki, uşağı çimərlikdə nəzarətsiz buraxmaq məhz xarakter və məsuliyyət məsələsidir:
“Valideyn əvvəlcədən düşünməlidir ki, bir anlıq diqqətsizlik ağır nəticələrə səbəb ola bilər. Buna görə də uşaq nə çimərlikdə, nə küçədə, nə parkda, nə də alış-veriş mərkəzində valideynin gözündən uzaqda qalmamalıdır. Tez-tez alış-veriş mərkəzlərində itkin düşən uşaqlarla bağlı elanlar eşidirik. Valideyn alış-verişə başı qarışdığı üçün uşaq nəzarətdən çıxır. Sonradan yaşanan təşviş isə artıq gec olur. Belə halların qarşısını almağın yeganə yolu valideyn məsuliyyətini artırmaqdır”.
Mətanət Məmmədovanın fikrincə, valideyn harada olursa-olsun, uşaq onun nəzarətində olmalıdır:
“Çünki övlad valideynə əmanətdir və onun təhlükəsizliyinə görə məsuliyyət daşıyan ilk şəxs məhz valideyndir. Hadisələrin qarşısını almaq üçün sonradan peşman olmaq yox, əvvəlcədən diqqətli davranmaq lazımdır. Bir sözlə, evdə uşağını qoruya bilməyən ana çimərlikdə də onu qoruya bilməyəcək”.
Aynur Babazadə
Bakı 



