• Bakı 10° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Deputat: "Xalqımız mənəvi dəyərlərini hər zaman qoruyub"

SİYASƏT

11 Noyabr 2024 | 10:57

Deputat: Xalqımız mənəvi dəyərlərini hər zaman qoruyub

"Qeyd etdiyimiz Zəfər Azərbaycanın milli birliyinin, mübarizə əzminin və gücünün göstəricisidir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin komitə sədri, deputat Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bugünkü inkişafı və uğurları yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də əbədi dəyərlər üzərində qurulub. Deputat qeyd edib ki, vətənə olan sevgi, vətəndaş həmrəyliyi, şəhidlərə olan ehtiram və xalqın mübarizə ruhu hər bir fərdin içindəki milli qürur və mənəvi məsuliyyət hissindən qaynaqlanır:

"Bizim xalqımız hər zaman özünün yüksək mənəvi dəyərlərini qoruyub saxlamağa müvəffəq olub. Vətənpərvərlik, əzmkarlıq, ədalətə sadiqlik və şəhidlərə olan hörmət, bunlar xalqımızın əsas təməl prinsipləridir. Bu dəyərlər bizim hər bir addımımıza işıq salır və ölkəmizin gələcəyinə yön verir".

Müsahibimiz diqqətə çatdırıb ki, ölkəmizin güclü dövlətçilik ənənələrinə əsaslanaraq gənclərin vətənpərvər ruhda böyüdülməsi vacibdir: 

"Hər bir xalqın varlığının davamlılığını təmin edən amillər onun milli dəyərləri və tarixi adət-ənənələridir. Bu dəyərlər zamanla sınanmış və bəzən çətinliklərlə üzləşsə də, millətin ruhunda yaşayan, onu gücləndirən mənəvi sütunlardır. Azərbaycan xalqı olaraq biz də tariximizin dərin qatlarından miras aldığımız milli kimlik və adət-ənənələrimizi yaşatmaqla həm özümüzü dünya xalqları arasında tanıdır, həm də xalqımızın təkrarolunmaz varlığını təsdiq edirik".

Arzu Nağıyev həmçinin İkinci Qarabağ savaşı ilə bağlı bəzi nüanslara da toxunub. Qeyd edib ki, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının milli mənəvi dəyərlərə bağlılığının və dövlətimizin gücünün bariz nümunəsi kimi tarixə düşüb:

"Bu müharibə təkcə ərazi bütövlüyümüzü bərpa etmək uğrunda aparılan hərbi əməliyyatlar deyildi; eyni zamanda, xalqımızın birliyi və milli dəyərlər ətrafında sıx şəkildə birləşərək göstərdiyi iradə və qətiyyətin təzahürü idi. Müharibə dövründə Azərbaycan cəmiyyəti, xüsusilə də gənclər, öz vətənpərvərlik ruhunu və milli mənsubiyyət hissini nümayiş etdirərək döyüş meydanında əsl qəhrəmanlıq nümunələri göstərdilər. İkinci Qarabağ müharibəsi zamanı xalqın müstəqillik və azadlıq arzusu, mənəvi dəyərlərə olan bağlılığı, şəhidlərimizin xatirəsinə və qazilərimizə olan hörmət və ehtiram cəmiyyətimizin hər təbəqəsini bir araya gətirdi. Bu müharibə nəticəsində xalqımızın həm bir xalq olaraq, həm də tarixi torpaqlarına sahib çıxmaq hüququ olan müstəqil bir dövlət olaraq gücünü dünyaya bir daha sübut etdik. Qələbə, milli dəyərlərin qorunması, mənəvi bütövlüyümüzün təminatı və gənclərin vətən sevgisi ilə böyüməsi baxımından mühüm tarixi mərhələ oldu".

Deputat onu da deyib ki, Azərbaycan dövləti müharibədən sonra da milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində addımlar ataraq zəfər ruhunu təbliğ etməyə davam edir:

"Şuşanın azad olunması milli dəyərlərimizin simvolu olan mədəniyyət və mədəni irs obyektlərinin bərpası və dirçəldilməsi, Azərbaycan xalqının həm mənəvi, həm də mədəni cəhətdən güclü bir xalq olduğunu göstərir. Bu zəfər  milli dəyərlərimizin möhkəmlənməsi və gələcək nəsillərə örnək olacaq bir qürur mənbəyi olaraq daim yaddaşlarda qalacaq".

Əli Hüseynov


SON XƏBƏRLƏR