Milli Məclis dövlət idarəçiliyinin əsas sütunlarından biri olmaqla, ölkənin qanunvericilik orqanıdır. Burada təmsil olunan şəxslərin təhsil səviyyəsi onların qərarvermə keyfiyyətinə, ictimai etimada və institusional dayanıqlığa birbaşa təsir göstərir. Təhsil səviyyəsi yalnız fərdi biliyin göstəricisi olmaqla kifayətlənmir, eyni zamanda siyasi idarəetmədə peşəkarlığın, məsuliyyətin və strategiya qurma bacarığının mühüm göstəricilərindən biri kimi çıxış edir.
Bakıvaxtı.az modern.az-ın deputatların bitirdikləri ali təhsil müəssələrini və ixtisaslarını araşdırdığı siyahını təqdim edir.
Məlum olub ki, parlamentarların əksəriyyəti Bakı Dövlət Universitetinin məzunlarıdır. M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin məzunları da Milli Məclisdə üstünlük təşkil edir.
Deputatların ixtisaslarına gəldikdə isə qanunverici orqanda ən çox təmsil olunanlar hüquqşünaslardır. Onları filoloqlar, iqtisadçılar, tarixçilər və dövlət idarəçiliyi üzrə mütəxəssislər izləyirlər.
Eyni zamanda, ən az seçilən ixtisaslar arasında mühəndis-elektrik, ictimai səhiyyənin idarə olunması, bədən tərbiyyəsi müəllimi, skandinaviyaşünaslıq, kütləvi tamaşalar təşkilatçılığı və farmasiya (əczaçılıq) kimi spesifik və texniki sahələr yer alır.
Deputatların böyük qismi ali təhsilini Azərbaycanda alıb. Bundan başqa, Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya, Avstriya və ABŞ kimi ölkələrdə də təhsil alanlar var.
Deputatların 56-sı SSRİ dövründə fəaliyyət göstərən institut və digər təhsil müəssələrində təhsil alıblar. 125 deputatın 32-si həm də aki təhsilin magistr dərəcəsinə yiyələnib.
Milli Məclisin sədri Sahibə Qafarova 1978-ci ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun orta məktəbdə rus dili və ədəbiyyat müəllimliyi ixtisasını bitirib. O, 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində də təhsil alıb.
Parlamentin birinci vitse-spikeri Əli Əhmədov S.M. Kirov adına Azərbaycan Dövlət Universitetində tarixçi-arxivist ixtisasına yiyələnib.
Vitse-spikerlər Ziyafət Əsgərov Bakı Dövlət Universitetində hüquqşünaslıq, Rafael Hüseynov Bakı Dövlət Universitetində filoloq, şərqşünaslıq, Musa Qasımlı isə Azərbaycan Dövlət Universitetində tarixçi, tarix və ictimaiyyət müəllimi ixtisasını alıb.
Milli Məclisin komitə rəhbərlərinin ixtisasları aşağıdakı kimidir:
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Bakı Dövlət Universitetini bitirib, onun ixtisası hüquqşünaslıqdır.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin rəhbəri Arzu Nağıyev Moskva İdarəetmə İnstitutunda idarəetmə üzrə mühəndis və SSRİ DTK Ali kursunda iqtisadçı ixtisaslarını alıb.
İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc 1994-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. O, elektron texnikası mühəndisliyi üzrə ixtisaslaşıb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin rəhbəri Sadiq Qurbanov 1994-cü ildə Bakı Dövlət Universitetində mexanika və tətbiqi riyaziyyat, 2001-ci ildə isə hüquqşünaslıq ixtisasına yiyələnib. O daha sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, o, iqtisadçıdır.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Dövlət Universitetində (1977) və Bakı Ali Partiya Məktəbində (1982) təhsil alıb. T. Rzayevin ilk təhsili filologiya, Azərbaycan dili və ədəbiyyatı müəllimi, ikinci təhsili isə politologiya üzrə olub.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Prezident yanında Dövlət İdarəçilik Akademiyasını (2004) bitirib. O, həm həkimlik, həm də dövlət və bələdiyyə idarəetməsi üzrə ixtisaslaşıb.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda həkimlik ixtisasını alıb.
Ailə, qadın və uşaq məsələləri komitəsinin rəhbəri Hicran Hüseynova S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.
Gənclər və idman komitəsinin rəhbəri Şahin İsmayılov Azərbaycan Dillər Universitetinin 2008-ci ildə bakalavr, 2010-cu ildə isə magistr səviyyəsini tamamlayıb. Ş.İsmayılov fransaşünasdır.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa 1991-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisasına yiyələnib.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov 1996-cı ildə Bakı Dövlət Universitetini hüquqşünas, 2002-ci ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirib.
Elm və təhsil komitəsinin rəhbəri Anar İsgəndərov S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (1978) tarix və ictimaiyyət müəllimi ixtisasını alıb.
Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu isə Azərbaycan Dövlət Konservatoriyasında (1968) təhsil alıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov A.A.Jdanov adına Leninqrad Dövlət Universitetində (1986) psixoloq, müəllim ixtisasını bitirib.