"Torpaqlarını və sərvətlərini itirən millətimiz dərk etdi ki, keçici qırmızı bayraqları qazananda da, ucqar Naxçıvanı lampa işığında qoruyanda da, 2-ci dəfə hakimiyyət olimpinə qayıdanda da Onun Tək Bir Dövlət Kitabı olub-Heydər Əliyev Konstitusiyası! "
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında deputat Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, Ulu öndərin Yeni Azərbaycanı nə din dövləti İranın, nə imperiya varisi Rusiyanın, nə də tez-tez çevrilişlərə səhnə olan Türkiyənin idarəçilik sisteminin yüzdə-yüz təkrarı deyildi:
"Əksinə, böyük Atatürkün Cümhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün örnək seçən Əliyevin siyasi modelini sonda qardaş ölkə də qəbul etdi.
Ulu öndər başqa dövlətlərin quruluşunu mexaniki olaraq, ölkəmizə köçürmədi. Nə mühfizakər Şərq arxaizmi, nə də tez-tez böhranlara yol açan Qərb sistemi, müstəqil iradəyə malik olmayan və Brüsseldən, Srtasburqdan idarə olunan dövlətlərlə eyni olmadıq. Biz sülh içində siyasi gələcəyini müəyyən edən İsveç, Norveçdən fərqli olaraq, Ali Qanunumuzu sütunlu salonlarda monteskyoların, cefersonların tablosu qarşısında deyil, döyüş meydanlarında qurbanlar verərək qəbul edirdik".
Deputat qeyd edib ki, Ali Qanunumuzun 40 faizinin insan haqlarına aid olduğunu fəxarətlə desək də 20 faizlik natamamlıqdan əziyyət çəkirdik. 1995-ci ildən sonra millətimiz konstitusion yolundan dönmədi. 2005-ci ildəki qanlı inqilablar, bizə ixrac olunan üsul-idarələr parlaq dövlət əsərimizi məğlub edə bilmədi.
"Əslində dünyada bütün xalq yığışıb bir qələmlə qanun yazmır. Lakin Vətən müharibəsi və 20 senyabr Suverenlik savaşı Bir millətin, Bir Ordunun və Bir İmzanın yaratdığı ən böyük Qanun Kitabı oldu.
Heydər Əliyev Konstitusiyası bizə qələbə gətirdi və Zəfər Konstitusiyasına çevrildi. Ona hücum edənlər, idarəçiliyi Tək Adamın hakimiyyəti adlandıranların hamısı uduzdu. İlham Əliyev 8 noyabrda Qarabağın xilaskarı olaraq, ən böyük konstitusion ədaləti təmin etdi.
90-cı illərin Razdan meydanında işğalçılıq ideyaları ilə silahlanan erməni xalqının o vaxt qəbul etdiyi təcavüzkarlıq konstitusiyası indi əsarət buxovuna çevrilib. Vətən müharibəsində Qələbəmizdən sonra İrəvan konstitusiya böhranı yaşayır...
Şəhidlərimizin yazdığı Qurtuluş və Xilaskarlıq qanunları isə dəyişilməzdir. Kəlbəcərdən Zəngəzuradək Böyük Qayıdış və Yeni Vətən quruculuğu konstitusiyamıza yazılan yeni parlaq səhifələrdir. İndi Ədalətin Zəfər çaldığı ölkə qururuq!"
Mina Mikayılova