• Bakı 21° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Bir güllə atmadan Azərbaycanı məhv etmək? - Gülünc iddianın cavabı

SİYASƏT

07 Iyun 2025 | 11:59

Bir güllə atmadan Azərbaycanı məhv etmək? - Gülünc iddianın cavabı

Son günlər Hindistan mətbuatında yayılan “bir güllə atmadan Azərbaycanı məhv etmək” kimi məsuliyyətsiz başlıqlı məqalə yalnız Hindistanın regiondakı reallıqlardan nə qədər uzaq olduğunu deyil, həm də bu ölkənin erməni təbliğatının alətinə çevrildiyini bir daha sübut edir.

Bu cür başlıqlar, əslində, Hindistanın nə qədər siyasi yetkinlikdən uzaq qərarlar verdiyini göstərir. Ermənistanla hərbi əməkdaşlığı “geosiyasi qələbə” kimi təqdim etməyə çalışan Dehli rəhbərliyi unudur ki, Ermənistan özü artıq Cənubi Qafqazda özünü müdafiə edə bilməyəcək duruma düşüb. Azərbaycanın 44 günlük müharibədə qazandığı parlaq Qələbə təkcə hərbi gücün deyil, həm də beynəlxalq hüququn, xalq iradəsinin və strateji zəkanın təntənəsi idi.

Hindistanın Ermənistana silah satması, nə Ermənistanı xilas edə bilər, nə də Azərbaycana təzyiq vasitəsi ola bilər. Azərbaycanın arxasında güclü iqtisadiyyat, müasir ordu, regional və qlobal səviyyədə güclü diplomatik əlaqələr dayanır. Həm Türkiyə, həm Pakistan, həm də digər nüfuzlu ölkələrlə tərəfdaşlıq edən Azərbaycan bu gün nəinki Cənubi Qafqazın, hətta Avrasiyanın əsas oyunçularından birinə çevrilib.
Ermənistan isə tarix boyu başqasının silahına, başqasının əlinə baxaraq regiondakı vəziyyəti dəyişəcəyini zənn edən bir dövlət kimi aciz və asılı mövqeyini qoruyub saxlayır. İndi də Hindistan silahları ilə öz xalqına və diasporuna ümid verməyə çalışır. Amma reallıq odur ki, həmin silahlar nə Laçına, nə Şuşaya, nə də Zəngilana çata biləcək. Çünki bu torpaqlar artıq əbədi olaraq Azərbaycanındır – həm beynəlxalq hüquqa, həm də tarixi ədalətə əsasən.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, Cənubi Qafqazda yeni siyasi reallıq yaratmış bir dövlətdir. Bu reallığı qəbul etməyənlər tarix qarşısında cavab verəcəklər. Silahla bölgədə sülh yaratmaq istəyənlər isə yadda saxlasılar: Azərbaycan sülh istəyir, amma sülhə ancaq güc mövqeyindən gəlinə biləcəyini artıq sübut edib.

Hindistan özünü regional lider saymaq istəyirsə, məsuliyyətli və balanslı siyasət yürütməlidir. Ermənistan isə silah almaqla deyil, sülhə gəlməklə nəsə əldə edə bilər.

Züriyə Qarayeva
Politoloq 
Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR