Mərakeş hökuməti bu il Qurban Bayramı ərəfəsində ölkədə qurban kəsməyi və bu ibadətlə bağlı bütün ticarət fəaliyyətlərini müvəqqəti olaraq qadağan edib.
Bakıvaxtı.az xəbər verir ki, qərara əsasən, heyvan bazarları bağlanıb, satış və kəsim işləri tamamilə dayandırılıb.
Paytaxt Rabatda və digər şəhərlərdə vətəndaşlar dini borclarını yerinə yetirə bilməyiblər.
Mərakeş Kralı VI Məhəmməd fevral ayında etdiyi çıxışda iqlim dəyişikliyi, quraqlıq və iqtisadi çətinliklər səbəbindən heyvan ehtiyatının azaldığını bildirib. O, bu şərtlər daxilində qurban kəsməyin əhali üçün ağır yük olduğunu qeyd edib, bu ibadətin xalq adından simvolik şəkildə özü tərəfindən yerinə yetiriləcəyini açıqlayıb.
Xatırladaq ki, Mərakeşdə bu cür məhdudiyyətlər əvvəllər də 1963, 1981 və 1996-cı illərdə tətbiq edilib. Hazırda Mərakeşdə bayram bazarlarında əsas diqqət şirniyyat və ənənəvi geyim satışına yönəlib.