"Ukraynanın son hücumları Rusiya Prezidenti Vladimir Putinə onları bombalamaq üçün bəhanə verib".
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
Bu açıqlamalar Ukraynanın Rusiya aerodromlarına, o cümlədən Rusiyanın strateji bombardmançılarına zərər vuran "Hörümçək toru" əməliyyatından sonra baş verib.
Tramp münaqişənin mümkün eskalasiyasından narahatlığını bildirib və vurğulayıb ki, bu cür hərəkətlər münaqişənin nüvə xarakterinə çevrilməsinə səbəb olmamalıdır. O, həmçinin qeyd edib ki, Ukraynanın bu cür addımlarını təxribat xarakterli hesab edərək bəyənmir.
Xatırladaq ki, iyunun 1-də Ukrayna irimiqyaslı əməliyyat keçirib və bu əməliyyatda Rusiyanın beş hərbi aerodromuna pilotsuz uçuş aparatları vasitəsilə hücum edilib. Hədəflər strateji bombardmançı təyyarələr, o cümlədən Tu-95 və Tu-22, həmçinin A-50 kəşfiyyat təyyarələri olub. Hücumlar Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə həyata keçirilib.