Xəbər verdiyimiz kimi, Səbinə Əliyeva ikinci dəfə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilib.
Bakıvaxtı.az onun dosyesini təqdim edir:
Səbinə Yaşar qızı Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində ictimai-siyasi xadim, diplomat Yaşar Əliyevin ailəsində anadan olub.
1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, 2000-ci ildə buranı bakalavr pilləsi üzrə, 2002-ci ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirib.
2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb. 2016-cı ildə "Beynəlxalq hüquq; İnsan hüquqları" ixtisası üzrə "Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası" mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Səbinə Əliyeva 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən isə aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2016-cı il tarixli Sərəncamı ilə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib.
29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Ombudsman vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilib.
Zeynəb Rzayeva
















