• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

SİYASƏT

03 Noyabr 2026 | 12:06 | Müəllif: Əli Hüseynov

Dövlət sərhədini pоzduqlarına görə 40 əcnəbi tutulub

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin oktyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və onların prekursorlarının ölkə ərazisinə qanunsuz keçirilməsinin qarşısının alınması, həmçinin qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində kompleks tədbirlər həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə dövlət sərhədini pozduqlarına görə 46 nəfər saxlanılıb. Onlardan 26-sı Əfqanıstan, 6-sı Azərbaycan, 5-i Pakistan, 2-si Türkiyə, 2-si Mərakeş, 2-si Əlcəzair, 2-si Fələstin, 1-i isə İran vətəndaşı olub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, eləcə də özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.

Sərhəd rejimi qaydalarını pozduqlarına görə 509 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 316 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Bundan başqa, ölkədən çıxışı qadağan edilən 775 nəfərin ölkəni tərk etməsinin, ölkəyə girişi qadağan olunan 35 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 472 kiloqram 225 qram narkotik vasitə və 16 615 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Qeyd edək ki, narkotik vasitələri və onların prekursorlarını ölkə ərazisinə keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilib.

Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026