İş adamı İlon Mask daha əvvəl "X" hesabında yazdığı və Donald Trampın ABŞ-li maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə adının hallandığını iddia etdiyi paylaşımı silib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə TASS məlumat verib.
Məlumata görə, linkə keçid edilən zaman yazı artıq mövcud deyil.
Qeyd edək ki, İlon Mask daha əvvəl etdiyi paylaşımda Donald Trampın Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə adının keçdiyini iddia etmişdi.
"Əsl bombanı atmağın vaxtı gəldi: Prezident Donald Trampın Epşteyn işində adı keçir. Bu, faylların ictimaiyyətə açıqlanmamasının əsl səbəbidir. Gününüz xeyirli olsun, Donald Tramp!" - deyə Mask paylaşımında bildirmişdi.
Xatırladaq ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq bildirib ki, onun 2002-2005-ci illərdə Manhettendəki evinə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın ziyarətini təşkil etdiyinə dair sübutlar var. Epşteynin dost və tanışları arasında təkcə ABŞ-dən deyil, həmçinin bir çox başqa ölkələrdən çox sayda mövcud və istefada olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları var olub. ABŞ-də maliyyəçinin cinayət təqibinə 2019-cu il avqustun 10-da onun həbsxana kamerasında intihar etməsindən sonra xitam verilib.