Türkiyədə ət məhsullarının istehsalı ilə bağlı yeni standartlar qüvvəyə minib. Yeni qaydalar dönər, kolbasa, sucuq, qiymə ət, kotlet və burger kimi məhsulların tərkibinə dair tələbləri sərtləşdirir.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi yeni standartları “Resmi Gazete”də dərc edib.
Qaydalara əsasən, bir sıra ət məhsullarında doldurucuların istifadəsi qadağan olunub. İstehsalçılar və müəssisələr üçün yeni tələblərə uyğunlaşmaq məqsədilə 31 mart 2027-ci ilədək keçid müddəti müəyyənləşdirilib.
Yeni standartlara əsasən, dönər istifadə olunan ətin növünə görə üç kateqoriyaya bölünür. Məhsulda ümumi yağın miqdarı 25 faizdən, duzun miqdarı isə 2 faizdən çox olmamalıdır. Ət zülalının miqdarı ən azı 12 faiz təşkil etməlidir.
Dönərin hazırlanmasında qoz-fındıq, pendir, zülal tozları və zülal hidrolizatlarından istifadəyə icazə verilmir. Süd, qatıq və yumurta zülalları isə istisna təşkil edir. Nişasta və soya məhsulları kimi doldurucular da qadağan edilib. Ədviyyatlardan daxil olan nişasta və bitki mənşəli zülalın ümumi nisbəti 1 faizlə məhdudlaşdırılıb.
Kotlet və burgerlərdə ət zülalının miqdarı ən azı 10 faiz, yağın miqdarı isə maksimum 25 faiz olmalıdır. Duzun miqdarı 2 faizlə məhdudlaşdırılıb. Soya məhsulları və zülal əlavələrinin istifadəsi qadağan edilib. Çörək, çörək qırıntıları və ədviyyatlardan daxil olan nişasta və bitki mənşəli zülalın nisbəti isə 5 faizdən çox ola bilməz.
Sucuğun tərkibində ümumi zülal ən azı 15 faiz olmalı, kollagen mənşəli birləşdirici toxumanın miqdarı isə 20 faizi keçməməlidir. İstiliklə emal edilmiş sucuk üçün zülalın minimum göstəricisi 13 faiz, kollagenin maksimum göstəricisi isə 25 faiz müəyyən edilib.
Yeni qaydalara əsasən, qiymə quş əti və quş əti əsaslı qiymə qarışıqları yalnız dondurulmuş formada istehsal oluna bilər. Quş əti ilə hazırlanan kotlet və burgerlərdə zülal ən azı 10 faiz, yağ isə 15 faizdən çox olmamalıdır. Quş dönərində isə yağ 15 faiz, duz 2 faizlə məhdudlaşdırılıb, zülalın miqdarı isə ən azı 14 faiz olmalıdır.
Etiketləmə qaydaları da sərtləşdirilib. Belə ki, məhsulun hazırlanmasında istifadə olunan heyvan yağının mənşəyi tərkib hissələri bölməsində ayrıca göstərilməlidir.
Murad İsmayıl
















