BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına görə, 2025-ci ilin aprel ayında qlobal ərzaq qiymətləri mart ayı ilə müqayisədə 1% artıb.
Bakıvaxtı.az xəbər verir ki, FAO Ərzaq Qiymətləri İndeksinin (ƏQİ) orta göstəricisi 128.3 bal təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.2 bal çoxdur.
Ərzaq qiymətlərindəki ümumi artım əsasən dənli bitkilər, süd məhsulları və ətin bahalaşması ilə bağlıdır. Baxmayaraq ki, şəkər və bitki yağlarının qiymətində azalma müşahidə olunub, bu amillər ümumi göstəriciyə təsir etməyə kifayət etməyib.
Xüsusilə, ət qiymətləri nəzərəçarpacaq dərəcədə bahalaşıb. Aprel ayında bu kateqoriya üzrə indeks 3.7 bal (3.2%) artaraq 121.6 bala yüksəlib.
Qeyd edək ki, FAO Ərzaq Qiymətləri İndeksi dünyada ən çox ticarət olunan 5 əsas ərzaq qrupu - dənli bitkilər, bitki yağları, süd məhsulları, ət və şəkər - üzrə beynəlxalq qiymətlərin aylıq dəyişimini ölçür.