İlyas İsmayılovun dünyasını dəyişməsindən sonra Ədalət Partiyasının öz gələcəyini necə quracağı indi təkcə partiya üzvlərinin və media təmsilçilərinin yox, elə ölkənin siyasi həyatının aktiv iştirakçılarının da ən çox cavab axtardıqları suallardandır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü bildirib.
Onun sözlərinə görə, Ədalət Partiyasının sədri postuna iddialı şəxslər tərəfindən hələ İlyas İsmayılovun cənazəsi götürülməmiş qapalı şəkildə başlanan “qurultay keçirməli, yeni sədri seçməliyik” müzakirələri indi nəinki təşkilat daxilində, hətta hakimiyyət kabinetlərində, media və sosial şəbəkələrdə daha şiddətlə davam edir:
“Deməli, biz də camaatı intizarda saxlamamalı, sükutumuzu pozmalı, nəhayət, mövqeyimizi açıqlamalı və ictimailəşdirməliyik.
Məsələnin hüquqi və ilk baxışdan da hamıya sadə görünən tərəfi budur ki, partiya qurultaya gedəcək, o qurultayda yeni sədr seçiləcək və onunla da yola davam ediləcək.
Lakin bu, təkrar edirəm, yalnız məsələnini görünən tərəfidir. Reallıqlar və bu reallıqlardan doğan siyasi şərait isə tamam başqa şərtləri diktə edir”.
E.Şükürlü qeyd edib ki, bir siyasətçinin də vəzifəsi, ilk növbədə, o reallıqları dərk etmək, düzgün qiymətləndirmək və onlara uyğun da qərar qəbul etməkdir.
Sədr müavini təəssüflə vurğulayıb ki, hazırda partiya sıralarında İlyas İsmayılov kimi zəngin həyat və idarəçilik təcrübəsinə malik, yüksək elmi-siyasi hazırlıqlı, hamını öz ətrafında birləşdirməyi və qoruyub saxlamağı bacaran, siyasi fəaliyyət üçün zəruri olan bütün keyfiyyətlərə və maddi resurslara sahib, prezidentliyə iddialı ikinci yetkin bir insan Lider yoxdur.
“Partiyamız hazırda böyük bir siyasi avtoritet boşluğunun ağrılarını yaşayır və çaşqınlıq içərisindədir.
Üstəlik, belə bir şəraitdə həm hökumətdəki müəyyən maraqlı çevrələrin, həm də rəqib siyasi təşkilatların aşkar və pozucu müdaxiləsiylə hər hansı fövqəladə qabiliyyəti və üstün əxlaqi-mənəvi keyfiyyətləriylə fərqlənməyən adamların israrla partiya sədri olmaq həvəsinə düşmələri, iddialarından geri çəkilməmələri, bu məqsədlə partiya strukturlarını qurultayqabağı ələ keçirməyə cəhd göstərmələri nəinki effektiv qurultayın və ədalətli sədr seçkisinin təşkili işini çətinləşdirib, hətta vahid komanda ola bilməyən partiyanı daha da zəiflədərək, ondan qopma və sonda da parçalanma riskini xeyli yüksəldib...
Bu durum isə, şübhəsiz ki, hökumətə ya partiyanın dövlət qeydiyyatını rahatca ləğv etmək, ya da üzvlərin iradəsiylə seçiləcək yeni sədrin siyasi legitimliyini şübhə altına almaq və onu tamamilə özündən asılı hala salmaq, təzyiq altda saxlamaq üçün ciddi hüquqi əsaslar, dəlillər yaradacaq; yeni sədrin işi və enerjisi isə öz legitimliyini məhkəmə qapılarında "sübuta yetirməklə" keçəcək...”
E.Şükürlü bildirib ki, indi Ədalət Partiyasının öz fəaliyyətini İlyas İsmayılovsuz davam etdirə bilməsi çox ciddi sual altındadır və sədrliyə iddialıların heç biri bu yükü çəkəcək gücdə, qabiliyyətdə və imkanda deyil.
Onun sözlərinə görə, nə qədər mediada partiyanın gücündən danışılsa da, ölkənin gerçək siyasi mənzərəsindən xəbərdar olan hər kəs yaxşı bilir ki, bu, blefdir və partiyanın bu kökə düşməsində də, ilk növbədə, elə hazırda partiyaya sədrlik həvəsinə düşənlər məsuliyyət daşıyırlar!
“Ən utancverici hal da odur ki, sədrliyə iddialıların heç birinin müstəqil şəkildə Ədalət Partiyasının gələcəyi və ölkə siyasətində tutacağı yer barədə aydın təsəvvürləri, proqramları yoxdur və bu posta yalnız və yalnız hökumətlə, ayrı-ayrı siyasi təşkilatlarla sövdələşmə imkanı kimi baxırlar...
Hər hansı maddi dəstəyi olmayan və sırf İlyas İsmayılov şəxsiyyətinə bağlı insanların fədakarlığı hesabına ayaqda qalan və 2023-cü ildə təkrar dövlət qeydiyyatına alınan Ədalət Partiyasının İlyas İsmayılovun yoxluğu şəraitində də nəinki eyni şövq və entuziazmla fəaliyyət göstərəcəyinə, ümumiyyətlə, hətta qurultayadək öz bütövlüyünü qoruyub saxlaya biləcəyinə mənim inamım qalmayıb!
Məsələn, vaxtilə İlyas müəllimin işçiləri olduğuna və onunla sabit şəxsi münasibətlərinə görə partiyaya gələn, hər biri min nəfərdən çox üzv cəlb edən, hazırda da partiyanın 2 ən böyük rayon təşkilatı sayılan Gəncə və Mingəçevir təşkilatının sədrlərindən birinin istefası kifayətdir ki, Ədliyyə Nazirliyi qeydiyyatımızı birdəfəlik ləğv etsin...”
Sədr müavini qeyd edib ki, sağlığında İlyas İsmayılovun halıyla bircə dəfə də olsun maraqlanmayanların, qayğısına qalmayanların, partiyanın uğuru üçün hər hansı effektiv təşkilati-siyasi fəaliyyət ortaya qoymağı bacarmayanların onun ölüm döşəyinə düşdüyü andan etibarən qəfildən fəallaşmaları, hətta “qayğıkeş” və “canıyanan” qismində bu abırlı və qürurlu kişinin yarıçılpaq şəkildə uzandığı çarpayısının yanında peyda olub növbəylə foto çəkdirmələri, evindən şəkilllər yaymaları, xüsusilə də son 6 ay ərzində rayon təşkilatlarının rəhbərləriylə separat sövdələşmələrə qalxmaları, təkidlə qurultay keçirməyin gərəkli olduğunu dilə gətirmələri siyasi diletantlığın və mənəviyyatsızlığın son həddi olmaqla, İlyas İsmayılova gerçəkdən sadiq insanları da daxilən iyrəndirərək, partiyanın mövcud rəhbərliyinə qarşı etimadsızlıq yaradıb və bundan sonra partiyanı qoruyub saxlamaq meyllərinin üstündən də birdəfəlik xətt çəkib...
Hətta İlyas müəllimin həqiq dostları və yaxınları, şəxsi arxivini saxlayanlar belə, partiyanın artıq onlar üçün bitdiyi qənaətindədilər!
“Şübhəsiz ki, bu hal mənim də bu insanlarla gələcək münasibətlərimin məsafəsini müəyyənləşdirməklə yanaşı, həm də Ədalət Partiyası sədrliyinə iddiamın önünü birdəfəlik kəsən əsas maneədir: mən bu unutqan, yoldaşlıq prinsiplərinə uyğun davranmağı bacarmayan, Kufə əhlitək adamı mübarizəyə çağırıb yarıyolda qoyan, düşmən əlinə oynayanlarlamı qurultaya gedəcəm?!
Mənim ən çox sevdiyim İslam tarixidir, oxşar situasiyalarda qoca tarixə, sevdiyim qəhrəmanların o situasiyalarda necə davrandıqlarına baxar, müqayisələr aparar və yalnız bundan sonra qərar verərəm”.
Şükürlünün qənaətincə, Ədalət Partiyasının artıq durmaq, dayanmaq, geri çəkilmək zamanıdır.
“Yox, əgər hazırkı partiya rəhbərliyi fəaliyyətin davam etdirilməsinə cəhd göstərəcəksə, Ədalət Partiyasının bölünməsində, parçalanmasında tərəfə çevrilməmək üçün yeni sədri müəyyənləşdirəcək qurultaya hazırlıq prosesində və qurultayın təşkili işində mən iştirak etməyəcəm, sədrliyə və hər hansı posta da namizəd olmayacam; partiyadakı müavinlik statusumu rəhmətlik İlyas müəllimlə birgə məzara endirdiyimdən, hələlik sıravi partiya üzvü kimi qalacam və kiminsə sədrliyə namizədliyini də dəstəkləməyəcəm!
Çünki mənim kimi birisi hazırda partiyaya sədrlik etmək iddiasında və həvəsində olanların heç birini dəstəkləyə, onlara beyət edə bilməz!”
Murad Məmmədli