• Bakı 17° C

    9.85 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Ekoloji faciə: Xəzər də Aral və Urmiyanın taleyini yaşayacaq?

CƏMİYYƏT

01 Oktyabr 2025 | 10:48

Ekoloji faciə: Xəzər də Aral və Urmiyanın taleyini yaşayacaq?

Aral dənizi, Urmiya gölü və Xəzər dənizinin sürətlə quruması müşahidə olunur.

Bakıvaxtı.az bildirir ki, Qazaxıstan, Özbəkistan və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Aral dənizinin qurumasının ətraf mühit və sağlamlığa təsirinin qiymətləndirilməsi üçün memorandum imzalayacağı gözlənilir. Bununla yanaşı, bir vaxtlar Yaxın Şərqdə ən böyük göl hesab edilən Urmiya gölünün 90%-dən çoxu quruyub. Qərbi Azərbaycan nümayəndə heyətinin sədri, deputat Hakim Məmekan bildirib ki, Urmiya gölünün quruması sadəcə bir ekoloji məsələ deyil. Bu məsələ ictimai, siyasi və iqtisadi təhdidə çevrilib. Eyni zamanda Xəzər dənizinin də suyunun sürətlə geri çəkilməsi qeydə alınıb. Məlumata görə, regionun həyat damarı sayılan Xəzər dənizində 1996-cı ildən bu günə qədər dənizin səviyyəsi 2.3 metr düşüb.

O cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Xəzər böhranına toxunub. O, BMT tribunasından "2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır” bəyanatını verməsi heç də təsadüfi deyil" sözlərini söyləyib.

Aral dənizi, Urmiya gölü və Xəzər dənizinin sürətlə qurumasının səbəbləri nədir? Bu vəziyyətin yaratdığı təhlükələr nələrdir?

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Bakıvaxtı.az-a açıqlama verib.

Onun sözlərinə görə, Aral dənizi, Urmiya gölü və Xəzər dənizinin sürətlə qurumasının kökü eynidir. Yəni, problem göllərin su balansınn düzgün idarə olunmamasıdır:

"Göllərin su balansı elə bir balansdır ki, hər bir gölə gələn və çıxan su bərabər olmalıdır. Hər üç göl qapalı göl olduğuna görə, bu göllərdən gedən su əsasən buxarlanma vasitəsilə baş tutub. Gələn su isə çaylar vasitəsilə gəlib. Aral dənizində Amudərya və Sırdərya çaylarının suyunun kənd təsərrüfatında ifrat dərəcədə istifadə olunması nəticəsində suyun həcmi azalıb və bu, qurumaya səbəb olub”.

Müsahibimiz qeyd edib ki, eyni proses Urmiya gölündə də gedir:

“Xəzər dənizində də eyni proses gedir. Volqa, Kür və Ural çaylarının suyunun azalması baş verir ki, bu da Xəzərin səviyyəsinə çox ciddi təsir göstərir. Hazırda Xəzər dənizində suyun səviyyəsi 1995-ci illə müqayisədə təxminən 3 metr düşüb. Qarşıdakı dövrdə bu səviyyənin daha da aşağı düşəcəyi gözlənilir".

Rövşən Abbasov: Xəzərdə suyun səviyyəsi 1995-ci illə müqayisədə təxminən 3 metr düşüb

Ekspertin fikrincə, bu vəziyyət regionda müxtəlif ekoloji nəicələrə səbəb olur. İlk növbədə, sahil zonalarında yaşayan əhali çox çətin vəziyyətə düşür.

"Məsələn, Aral gölü quruyandan sonra balıqçılıq bir məşğuliyyət kimi sıradan çıxdı. O cümlədən, Urmiya gölündə də balıqçılıq sıradan çıxdı və müxtəlif turizm obyektləri bağlandı. Bu gün bir çox hallarda Xəzər dənizi turizm obyektlərindən 3.4 km aralanıb. Halbuki həmin turizm obyektləri dənizə yaxın olduğu üçün tikilmişdi. Təəssüf ki, Xəzər dənizinin quruması acınacaqlı şəkildə baş verir. Bu isə dənizə yaxın turizm obyektlərinin öz təsirini itirir. Bundan başqa, dənizin rekreasiya ehtiyatlarına və Xəzər dənizində balıqçılığa ciddi ziyan dəyir", - deyə müsahibimiz əlavə edir.

Göllərin qurumaması ilə bağlı çıxış yollarına toxunan R.Abbasov hesab edir ki, Xəzər ölkələri bir araya gəlməli və Xəzərə tökülən suların tənzimlənməsinə çalışmalıdırlar:

"Ona görə də ortaya iradə qoyulmalı və hər bir ölkə öz ərazisindən gələn çaylar vasitəsilə Xəzərə axan çayın miqdarını tənzimləməlidir. Bu halda Azərbaycan üçün çox çətin olacaq. Çünki ölkəmizdə Kür çayı xarici ölkələrdən gəlir. Gürcüstan, Türkiyə və Ermənistan ərazisindən gedən sular var ki, biz onu idarə edə bilmirik. Bu baxımdan həmin ölkələr də Xəzər konvensiyasına qoşulmalı və Xəzərin suyunun tənzimlənməsində iştirak etməlidirlər".

Gülşən Şərif


SON XƏBƏRLƏR

30 Sentyabr 2025