• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Əmək hüquqlarının qorunması: nələr dəyişməlidir?

CƏMİYYƏT

04 Oktyabr 2024 | 16:17

Əmək hüquqlarının qorunması: nələr dəyişməlidir?

Azərbaycanda əmək hüququ, işçilərin və işəgötürənlərin hüquq və vəzifələrini tənzimləyən mühüm hüquqi bazaya malikdir. Bu sahədə qanunvericilik əsasən “Əmək Məcəlləsi” ilə müəyyən olunur və müasir iş bazarının tələblərinə uyğunlaşdırılmağa çalışılır.

Əmək hüququnun mühafizəsi və işçilərin hüquqlarının təmin edilməsi üçün müxtəlif qanunlar və normativ aktlar mövcuddur, lakin bəzi sahələrdə əlavə tənzimləmələrə ehtiyac duyulur.

Bəs ölkəmizdə əmək hüququnun bazası hansı durumdadır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, ölkəmizdə bu sahədə əsas hüquqi sənəd olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin əmək müqavilələri, iş saatları, əmək haqqı, məzuniyyətlər, işdən çıxarılma prosedurları və digər mühüm hüquqi məqamları tənzimləyir. Bununla yanaşı, işçilərin iş şəraitinin qorunması və onların hüquqlarının təmin edilməsi üçün bir sıra digər qanunlar mövcuddur:

"Bunlardan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarları, əmək müqavilələrinin hüquqi qüvvəsi və bağlanma qaydaları haqqında qanunlar, sosial müdafiə qanunları, o cümlədən işsizlik sığortası və əmək pensiyaları ilə bağlı tənzimləmələr əsas götürülür. Bu qanunlar işçilərin sosial hüquqlarını qorumağa yönəldilib və onların iş şəraitindəki risklərdən qorunmasını təmin edir".

Müsahibimizin sözlərinə görə, Azərbaycanda əmək hüququ sahəsində əsas problemlərdən biri işçilərin əmək müqaviləsi olmadan qeyri-rəsmi işləməsi və əməkhaqqı ilə bağlı problemlərdir. O bildirib ki, bu kimi hallarda işçilərin hüquqları daha zəif qorunur və iş yerlərində işçilərin hüquqlarının pozulması riski artır. Bu sahədə tənzimləmələrin daha da təkmilləşdirilməsi üçün aşağıdakı addımlar atıla bilər:

"İşçilərin qeyri-rəsmi məşğulluqdan qorunması üçün daha sərt cəza tədbirləri tətbiq edilməlidir. İdarəetmə mexanizmləri iş yerlərində daha effektiv şəkildə yoxlanmalı və rəsmi əmək müqavilələrinin bağlanması təşviq olunmalıdır. Bundan əlavə, əmək hüquqları pozulanda işçilərin daha tez və effektiv hüquqi müdafiə alması üçün xüsusi əmək məhkəmələri yaradılmalıdır. Bu məhkəmələr işçilər və işəgötürənlər arasında baş verən əmək mübahisələrinin həllində ixtisaslaşmış olmalıdır. İşçilərin məzuniyyət hüquqları da mütəmadi şəkildə pozula bilər. Buna görə də, işəgötürənlər tərəfindən məzuniyyətlərin düzgün verilməsinin və işçilərin məzuniyyət zamanı hüquqlarının qorunmasının təmin edilməsi üçün gücləndirilmiş nəzarət mexanizmləri yaradılmalıdır. İş şəraitinin təhlükəsizliyinə dair normativ tələblər artırılmalı və bu sahədə qanunvericiliyə uyğun olmayan iş yerlərində sərt sanksiyalar tətbiq edilməlidir. İşçilərin sağlamlığının qorunması prioritet olmalıdır. Əmək bazarında qadınların və sosial həssas qrupların hüquqlarının qorunması məqsədilə xüsusi qanunlar və təşəbbüslər tətbiq olunmalıdır. Gender bərabərliyi və diskriminasiyanın aradan qaldırılması əmək hüququnda mühüm rol oynayır",- hüquqşünas diqqətə bu kimi vacib nüansları çatdırıb.

Ayxan Məmmədli: İş şəraitinin təhlükəsizliyinə dair normativ tələblər artırılmalıdır

Ayxan Məmmədli bildirib ki, Azərbaycanda əmək hüquqlarının təmin olunması üçün qanunvericilik bazası mövcuddur, lakin qanunların tətbiqindəki boşluqlar və hüquq mühafizə mexanizmlərinin zəifliyi hələ də problemlər yaradır. Mütəxəssisin fikrincə, bu problemlərin həlli üçün dövlət orqanlarının əmək hüquqlarını daha da gücləndirən islahatlara ehtiyac var. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işçilərin hüquqlarının daha effektiv qorunması və əmək şəraitinin yaxşılaşdırılması üçün yeni qanunlar və tənzimləyici mexanizmlərin tətbiqi zəruridir.

Beləliklə, Azərbaycanda əmək hüququ sahəsində mövcud problemlərin həlli və əmək münasibətlərinin daha şəffaf və ədalətli tənzimlənməsi üçün ciddi hüquqi islahatlara ehtiyac var. Bu istiqamətdə dövlətin davamlı dəstəyi və sosial tərəfdaşların iştirakı ilə əmək hüququ sahəsində təkmilləşdirilmiş hüquqi çərçivənin yaradılması zəruri görünür.

Əli Hüseynov


SON XƏBƏRLƏR

04 Oktyabr 2024