Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçiriləcək.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda terrorla mübarizə, regional və beynəlxalq hadisələrin müzakirə olunacağı gözlənilir.
Terrorla mübarizə MTŞ-nin ilk mövzuları arasında olacaq. Sərhəd daxilində və xaricində həyata keçirilən terrorla mübarizə əməliyyatları və Suriyadakı vəziyyət müzakirə olunacaq.
Azərbaycanın Qarabağda uğurla həyata keçirdiyi antiterror əməliyyatı və bölgədə baş verən hadisələrin Milli Təhlükəsizlik Şurasında dəyərləndirilməsi gözlənilir.
Şurada Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və Rusiyanın geri çəkilməsi ilə başa çatan taxıl daşınması məsələsinin də müzakirə ediləcəyi nəzərdə tutulur.
Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Quru Qoşunları Komandanı ordu generalı Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu ilk dəfə Milli Təhlükəsizlik Şurasının iclasına qatılacaq.
Murad Məmmədli
***
27 sentyabr, saat 16:25
Sabah, sentyabrın 28-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, iclasda Azərbaycan ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunacaq.
Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin “Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılacaq.
















