"Amerika Birləşmiş Ştatlarında gələn il prezident seçkisi keçiriləcək. ABŞ-dakı erməni lobbisi, diasporu seçkilərlə bağlı Amerika hökumətinə çox ciddi təzyiqlər göstərməkdədir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.
Onun sözlərinə görə, ABŞ-dakı erməni lobbisi ciddi-cəhdlə çalışır ki, Azərbaycan-Ermənistan arasında sülh əldə olunmasın: "Erməni lobbisi, diasporu Ermənistan dövlətini və xalqını qurbanlıq kimi istifadə edir. Bütün addımları ona hesablanıb ki, İrəvan-Bakı arasında sülh olmasın, qarşıdurma, münaqişəli vəziyyət davam etsin. Çünki sülh əldə olunarsa, bölgədə sabitlik, təhlükəsizlik yaranarsa, erməni lobbisinin də iş-gücü, fəaliyyət istiqaməti ortadan qalxmış olacaq. Erməni lobbisi uydurma "genosid"lərdən danışa bilməyəcək. Ona görə də lobbi təşkilatlarının gücü ilə ABŞ-ı də öz oyunlarına alət edirlər. Əslində isə bu cür siyasət ABŞ-ın milli maraqlarına ziddir. Vaşinqton öz siyasətində ciddi dəyişikliklər etməlidir. Anlamalıdır ki, erməni diasporasının təzyiqi nəticəsində bütün dostlarını, yaxın tərəfdaşlarını itirə bilər".
Asim Mollazdə: Bütün addımlar ona hesablanıb ki, İrəvan-Bakı arasında sülh olmasın, qarşıdurma davam etsin
Müsahibimiz vurğulayıb ki, Azərbaycan ABŞ-a çox köməkliklər edib: "Əfqanıstan məsələsində dəstək verib, müharibə dövründə Amerika Silahlı Qüvvələrinin logistika fəaliyyəti Azərbaycan üzərindən həyata keçirilib. Vaşinqton erməni diasporuna və seçkiyə görə, öz milli maraqlarını ciddi təhlükə altında qoymaqdan əl çəkməlidir".
Qeyd edək ki, son günlər ABŞ Azərbaycana qarşı ikili yanaşma sərgiləyir, qərəzli mövqe nümayiş etdirir. Məlum olduğu kimi, ABŞ Konqresi növbəti dəfə Qarabağla bağlı “dinləmələr” keçirdi. Dinləmələrdə Azərbaycana qarşı ittihamlar səsləndirildi. Vurğulandı ki, Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq. Həmçinin, ABŞ Azərbaycana hərbi yardımı dayandırmaq və bir neçə yüksək səviyyəli görüşləri ləğv etmək barədə də qərar verib.
Aydın Baxış