Müdafiə Nazirliyi cəbhədə gərginliklə bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.
Son günlər Ermənistanla sərhəddə və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi əraziləridə təxribatlar artmaqda davam edir.
Hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a bildirib ki, təxribatlar davam edərsə, Azərbaycan anti-terror əməliyyatına başlaya bilər.
"Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatından sonra Ermənistan ard-arda təxribatlar törətməkdə davam edir. Öncə təxribatçı diversiya qrupunu göndərdi, sonra Şuşada Azərbaycan hərbçilərinin postuna əl qumbarası atıldı, daha sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə qanunsuz silahlı birləşmələri polis geyimində ruslarla birlikdə bizim Kəlbəcərə gedən avtomaşınları yoxladılar... Kifayət qədər qanunsuz fəaliyyətlər var.
Bu fəaliyyətə göz yuman Rusiya sülhməramlıları barəsində Azərbaycan cəmiyyətində həddindən artıq etiraz doğuracaq faktlar var. Bu faktlar hər kəsi narahat edir. Seperatçı rejimin fəaliyyəti göz önündədir. Axı niyə bu rejim və qanunsuz silahlı birləşmələr ərazini tərk etməyib? Rusiya sülhməramlıları niyə ortaya açıq mövqe qoymurlar? Bəyanatda yazılırdı ki, Rusiya sülhməramlıları əraziyə daxil olan kimi erməni silahlı qüvvələri ərazini tərk edəcək. Amma bu günə kimi tərk etməyib və atəşkəs də pozulur, təxribatlar davam edir. Rusiya atəşkəsin pozulması barədə öhdəlik götürübsə, bəs niyə bu pozuntularla bağlı ölçü götürmür? Azərbaycan cəmiyyətində haqlı olaraq Rusiya sülhməramlılarına etirazlar var", -deyə E.Həsənli bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan qanunsuz silahlı birləşmələrin olduğu ərazilərdə anti-terror əməliyyatları keçirə bilər: "Ora Azərbaycan ərazisidir və bu əməliyyatı keçirmək üçün ölkəmizin silahlı qüvvələrinin gücü var. 27 il biz məsələni sülh yolu ilə həll etməyə çalışdıq, amma silah gücünə ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sonra dözmək fikrimiz yoxddur. Ermənistan beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir".
Ekspert onu da bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olsa, Laçın dəhlizi bağlanacaq: "Rusiya sülhməramlıları Qarabağa qanunsuz səfər edənlərə nəzarət edə bilmir. Azərbaycan qanun-qaydanı özü bərpa edəcək".
Ramid İbrahimov
















