Fövqəladə Hallar Nazirliyi (FHN) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bakıvaxtı.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, bayram günlərində “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında ümumilikdə 230 yanğına çıxış, 46 köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 3 partlayış faktı üzrə əməliyyatlar həyata keçirilib.
FHN-in aidiyyəti qurumlarının operativ müdaxiləsi nəticəsində yanğınlar qısa müddətdə söndürülüb, insanların həyatının xilas olunması təmin edilib.
Məlumata əsasən, bayram günləri ərzində Nazirliyin qüvvələri tərəfindən 8-i azyaşlı olmaqla 81 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, baş vermiş hadisələr zamanı isə 6 nəfər həyatını itirib.
Əli Hüseynov
Bakı 




