Xəbər verdiyimiz kimi, bu günlərdə dünyanın ən böyük təşkilatlarından olan NATO-nun Vaşinqtonda Zirvə sammiti keçirilir.
Geosiyasi proseslərin gərginləşdiyi və dünyadakı ən ağır seçki ilində keçirilən Sammitin gündəliyi yetəri qədər lazımlı mövzulardan ibarət idi.
Təşkilatın 75 illiyinə həsr edilən mötəbər tədbir zamanı keçirilən görüşlər, aparılan müzakirələr dünya ölkələrinin müdafiə sənayesi sistemi ilə bağlı xüsusi qərarların verilməsi ilə yadda qaldı. Həmçinin, Rusiya-Ukrayna müharibəsi ilə bağlı səsləndirilən fikirlər, mülahizələr də dünyanın diqqətinin yönəldiyi bu iclasının vacibliyini daha da sübut etdi.
Bu və digər nəticələr NATO-nun qlobal səviyyədə təhlükəsizlik və stabilliyə töhfə vermək niyyətini əks etdirir. Zirvə görüşü müttəfiqlər arasında daha güclü birliyin yaranmasına və beynəlxalq təhlükəsizlik məsələlərinin daha effektiv həllinə səbəb olacaq.
Görüşün vacibliyi və əhəmiyyəti isə sual yaradır - proseslər NATO-nu hara aparır?

Tural Əliyev, politoloq
Mövzuyla bağlı fikirlərini bölüşən politoloq Tural Əliyev Bakıvaxtı.az-a bildirib ki, yekun bəyanatda NATO üçün əsas təhdid ölkəsi Rusiya hesab edilib. Müsahibimiz qeyd edib ki, NATO artıq 32 ölkə ilə kifayətlənmək istəmir:
“NATO regional baxımdan Qara Dəniz, Qərbi Balkan, Yaxın Şərq və Afrika ölkələri ilə əlaqələrini genişləndirmək istəyir. Bu o deməkdir ki, artıq Çin, Şimali Koreya, İran üzvlük üçün mübarizə aparmalıdır”.
Onun sözlərinə görə, maraqlı nüanslardan biri və ən vacibi Çinin Rusiyaya dəstək göstərməsinə qadağa qoyulmasıdır. Bu hal Rusiyanın Ukrayna müharibəsində yaratdığı hegemoniya nisbətini çox aşağı salacaq.
Politoloqun diqqətə çatdırdığı digər məsələ Ukraynanın təşkilata üzvlüyü ilə bağlı oldu. O, Baş katib Yens Stoltenberqin bu barədə olan açıqlamalarını şərh edərək bildirib:
“Stoltenberqin fikirlərindən çıxan nəticə odur ki, Rusiyanın məğlubiyyəti təşkilatın əsas məqsədidir. Rusiyanı daxildən zəiflətməklə qonşu ölkələrə qarşı həyata keçirilən tədbirlər son tapa bilər. Təşkilat Ukraynaya yardımlarını daha da artacaq. Qeyd etmək lazımdır ki, göstərilən yardımlar təkcə müharibə üçün nəzərdə tutulmayıb. Bu baxımdan da ən vacib məsələ Çinin və digər təhdid ölkələrinin mövqeyinin neytrallaşdırılmasıdır”.
.jpg)
Elçin Mirzəbəyli, siyasi şərhçi
Siyasi şərhçi Elçin Mirzəbəyli isə Bakıvaxtı.az-a açıqlamasında bəyannamədə Rusiya-Ukrayna məsələsinə yer ayırılmasının xüsusi məsələ olduğunu vurğulayıb:
“NATO müharibənin yaxın zamanda bitməsində maraqlı deyil. Bir neçə il müharibənin davam etməsi NATO-nun planlarına uyğundur. Biz bunu yayımlanan ümumi bəyannamədə də müşahidə edə bilərik. Sənədin hərbi ritorakada yazılması və verilən qərarların hər biri buna bariz sübut olaraq qiymətləndirilə bilər”.
Yekun bəyannamənin şərhi və digər məsələlərə aydınlıq gətirən E.Mirzəbəyli bu tədbirin NATO üçün xüsusi rol oynadığını bildirib.
Politoloq müdafiə sənayesi məsələsinə də toxunub. O, müdafiə xarakterli vəsaitlərin yüksəldilməsinin mütləq əhəmiyyət daşıdığını diqqətə çatdırsa da, maraqlı məqamlardan birinin üzv ölkələrin bu barədə yekdil qərar verməməsi olduğunu söyləyib:
“Bu məsələ ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra daha çox müzakirə ediləcək. Əgər Donald Tramp yenidən hakimiyyətə gələrsə, o, üzv ölkələrə öz tələblərini bildirəcək”.
İrana qarşı Alyans üzvü olan ölkələrin addımlar atacağı ilə bağlı suala isə ekspert belə cavab verib:
“Bəyannamədə İran xüsusi hədəf idi. Rusiyaya ballistik raketlərin verilməsi məsələsi NATO-da İrana qarşı eskalasiya yarada bilər. Bu da üzv ölkələrin sərt mövqelərini ortaya qoyacaq”.
Ekspertlərin rəyləri və digər bütün fikirlər onu deməyə əsas veri ki, bu Zirvə NATO-nun müasir dünyadakı rolunu yenidən təsdiqləyir və qlobal təhlükəsizliyin qorunması yolunda daha səmərəli və birgə fəaliyyətlərin aparılmasına şərait yaradır. Qəbul edilmiş qərarlar NATO-nun kollektiv müdafiə prinsipinə sadiqliyini və beynəlxalq arenada sabitlik və təhlükəsizliyə töhfə vermək niyyətini bir daha vurğulayır.
Ümumiyyətlə, bunu da qeyd etmək lazımdır ki, NATO-nun Vaşinqton zirvəsi dünya miqyasında təhlükəsizlik problemlərinin həlli və müttəfiqlər arasında daha da sıx əlaqələrin qurulması üçün mühüm bir addımdır.
Bu nəticələr qarşıdakı illərdə NATO-nun qlobal təhlükəsizlik arxitekturasında oynayacağı rolu daha da gücləndirəcək və dünya miqyasında sülhün və stabilliyin təmin olunmasına kömək edəcək.
Əli Hüseynov
















