• Bakı 28° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

"Green Card" lotereyası nə vaxt başlayır?

DÜNYA

12 Avqust 2026 | 17:12

Green Card lotereyası nə vaxt başlayır?

ABŞ-də daimi yaşayış hüququ verən “Green Card” lotereyasının növbəti mərhələsi – DV-2027 proqramı ilə bağlı yeni qaydalar açıqlanıb. Lotereyanın (DV-2027) qeydiyyat tarixinin sentyabrın sonu və ya oktyabrın əvvəlində açıqlanacağı ehtimal edilir. Lakin bu tarix hələ ABŞ Dövlət Departamenti tərəfindən rəsmən təsdiqlənməyib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ Dövlət Departamenti DV-2027 proqramı üzrə qeydiyyat müddətinin əvvəlki illərdən fərqli olaraq dəyişdiriləcəyini və yeni qeydiyyat tarixinin ayrıca açıqlanacağını bildirib.

DV-2027 üçün əsas yeniliklərdən biri müraciət zamanı etibarlı xarici pasportun məlumatlarının təqdim edilməsi və pasportun bioqrafik məlumatlar olan səhifəsinin skanının yüklənməsi ilə bağlı tələblərdir.

Bundan başqa, yeni qaydalara əsasən lotereyada iştirak üçün 1 ABŞ dolları məbləğində qeydiyyat rüsumunun tətbiqi nəzərdə tutulur.

Azərbaycanlılar lotereyada iştirak edə biləcək?

Azərbaycanın DV-2027 proqramında iştirak edib-etməyəcəyi ilə bağlı yekun siyahı hələ açıqlanmayıb. Son rəsmi DV proqramlarında Azərbaycan iştirak hüququ olan ölkələr sırasında olub. Məsələn, ABŞ Dövlət Departamentinin DV-2026 üzrə açıqladığı siyahıda iştirakına icazə verilməyən ölkələr arasında Azərbaycan göstərilməyib.

Lakin DV-2027 üçün ölkələrin yekun siyahısı proqramın rəsmi təlimatları dərc edildikdən sonra dəqiq məlum olacaq.

Neçə nəfər Green Card qazana bilər?

"Diversity Visa" proqramı qanunvericilik əsasında hər il dünyada 55 minədək immiqrant vizasının verilməsini nəzərdə tutur. Vizalar müxtəlif regionlar arasında bölüşdürülür və bir ölkənin həmin il bütün vizaların 7 faizindən çoxunu almasına icazə verilmir.

Azərbaycanlılar üçün mühüm məqam

Hazırda ən vacib məsələ qeydiyyatın rəsmi başlanma tarixinin açıqlanmasını gözləməkdir. ABŞ Dövlət Departamentinin rəsmi məlumatlarında DV-2027 qeydiyyat tarixinin ayrıca elan ediləcəyi bildirilir.

Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan vətəndaşları üçün immiqrant vizalarının verilməsi ilə bağlı 2026-cı ilin yanvarından tətbiq edilən ayrıca məhdudiyyət mövcuddur. ABŞ Dövlət Departamenti Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşlarına immiqrant vizalarının verilməsinin müvəqqəti dayandırıldığını açıqlayıb. Bu məsələ DV proqramı üzrə seçilən şəxslərin gələcək viza prosesinə də təsir göstərə biləcək mühüm amildir.

Buna görə DV-2027 üzrə seçilmək avtomatik olaraq ABŞ-yə köçmək hüququnun təmin edilməsi demək deyil. Seçilən şəxslər əlavə tələblərə cavab verməli və viza prosesindən keçməlidirlər.

ABŞ Dövlət Departamenti vətəndaşları lotereya ilə bağlı yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır. Departament saxta "Green Card" bildirişləri və ödəniş tələb edən fırıldaqçılıq sxemləri barədə də xəbərdarlıq edib./Sfera.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR