Yay mövsümündə havaların istiləşməsi ilə əlaqədar suya ehtiyac daha da artıb. Son zamanlar susuzluğu və yorğunluğu aradan qaldırmaq üçün energetik içkilərdən istifadə edirlər. Onlar arasında uşaqlar da var. Çünki valideynlərin çoxu uşaqların içdikləri energetik içkiləri zərərli saymır.
Ekspert Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, energetik içkilər dünyada və Azərbaycanda böyük bir problemə çevrilib.
“Dünyada istehlakçı hüquqlarının qorunması, istehlakçı sağlamlığı məsələsi arxada qalıb. Hazırda biz yalnız və yalnız biznesin dünyada hökmran olduğu bir cəmiyyətdə, bir zamanda yaşayırıq. Bir çox beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı insanların uzunömürlülüyü, sağlamlığı barədə fikirləri qətiyyən səmimi deyil. Belə bir vəziyyətdə Azərbaycanda da energetik içkilərin satışı neçə illərdir davam edir”,-deyə ekspert bildirib.
E.Hüseynovun sözlərinə görə, son zamanlar energetik içkilərə böyük vergilər tətbiq olunsa da, bu içkilərə əlçatanlığı azaltmayıb: “Energetik içkinin etiketinə baxsaq istehsalçı, yəni ondan pul qazanan özü yazır ki, bu, xəstələrə, hamilə qadınlara, azyaşlı uşaqlara məsləhət görülmür. Haradadır məntiq ki zəifə zərər edən bir şey güclüyə kömək etsin? Məntiq kökündən yoxdur. Zəifə zərər edən şey güclüyə də mütləq zərər edər”.
Ekspert təəssüflə bildirib ki, Azərbaycanda keçirilən idman yarışlarında energetik içkilərin sponsorluq etməsinin şahidi olub. “Azərbaycanda keçirilən velosiped yarışlarında mən bunu gözümlə görmüşəm, iradımı bildirmişəm. Təəssüflər olsun ki, bəzi idmançılar belə energetik içkinin raklamını pul xatirinə edirlər. Bu hal yolverilməzdir. O ki qaldı uşağa energetik içki vermək qətiyyən yolverilməzdir. Energetik içki insanlara zərərdir, birmənalı şəkildə. Çünki onu istehsal edənin özü bu barədə qabın üzərində yazır”.
Ramid İbrahimov
Bakıvaxtı.az


jpg-1622726836.jpg)













