Sağlamlıq üç bir-birilə əlaqəli olan - dayaq-hərəkət, neyrohumoral və psixi sistemlərin vəhdətindən asılıdır. Bu sistemlərin hər hansı birində pozulma digər sistemlərə təsir edir və osteopatik zədələnməyə səbəb olur. Osteopatiya - əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı sistemi üzərində işləməyi və onların davamlı sağlam fəaliyyət göstərməsini təmin etmək üçün əl ilə tətbiq olunan prosedurdur.
Bakıvaxtı.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat verib. O bildirib ki, osteopatiyanın 3 əsas prinsipi var:
- Bədənin anatomik, fizioloji və mexaniki tamlığı.
- Struktur funksiyanı və funksiya strukturu idarə edir.
- Həyat - hərəkət deməkdir. Hüceyrə, orqan və bütün orqanizmin normal fəaliyyəti üçün struktur və mayelərin sərbəst hərəkəti vacibdir.
"İlk baxışda osteopat-həkimin qəbulu adi həkim qəbuluna oxşasa da, bəzi fərqlər var", - deyən həkim əlavə edib ki, osteopat ayaq barmaqlarından tutmuş kəllə sümüklərinə kimi bütün bədəninizi müayindən keçirir (aztibb.az). O, bədəni öndən, arxadan və yanlardan müayinə edir, bədənin nahiyələrinin bir-birinə uyğunluğunu müqayisə edir, qamət pozulmasını, yeriş zamanı bədənin vəziyyətini nəzərdən keçirir. Ayaqüstə və oturan vəziyyətdə müayinədən sonra isə xəstənin uzanmış vəziyyətində bədənin müxtəlif toxumalarının harmonikliyinə, gərginliyinə, əzələlərin qarşılıqlı münasibətinə, maye axınlarının ritminə diqqət yetirir. O, 3 osteopatik sistemin: sümük-əzələ-fassiya, kraniosakral və visseral sistemin ardıcıl müayinəsini aparır:
"Osteopatın əlləri bəzi tibbi avadanlıqların təyin edə bilmədiyi dəyişiklikləri: əzələ və bağların gərginliyini, daxili orqanların ritm pozulmalarını və s. hiss edə bilir. Həkim osteopat bu problemləri təyin edərək - əzələ gərginliyini aradan qaldırır, nahiyyədə yaranmış iltihabı zəiflədir; toxumaya yüngül təzyiq etməklə toxumanın qan axınını normallaşdırıb orqanın normal işini bərpa edə bilir. Osteopat həkim xəstəliyi deyil xəstəni müalicə edir".
















