Rusiyanın Ukraynadakı qoşunlarının komandanı Sergey Surovikin müharibənin son durumu ilə bağlı ilk dəfə dövlət televiziyasına açıqlama verib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Surovikin bütövlükdə xüsusi hərbi əməliyyatlar sahəsində vəziyyəti gərgin xarakterizə edib. O, Ukrayna ordusunun daim rus qoşunlarının mövqelərinə hücum etməyə çalışdığnı deyib. Komandir, eyni zamanda, xüsusilə cənubdakı Xerson şəhəri ətrafında vəziyyətin ağır olduğunu bildirib: “Rusiya ordusu hər şeydən əvvəl Xerson əhalisinin təhlükəsiz təxliyəsini təmin edəcək”.
Rusiya ordusunun Kiyevin Xerson vilayətində “qadağan olunmuş” döyüş üsullarından istifadə etmək planlarından xəbərdar olduğunu deyən Surovikin iddia edib ki, Ukrayna Dnepr çayı üzərində yerləşən Kaxovka SES-ə kütləvi hücuma, Xersona kütləvi raket və artilleriya hücumlarına hazırlaşır: “Bu hərəkətlər bu böyük sənaye mərkəzinin infrastrukturunun dağıdılmasına və dinc əhali arasında böyük itkilərə səbəb ola bilər.
Fərqli strategiyamız var. Biz sürətli hücumları hədəfləmirik, hər bir əsgəri ehtiyatda saxlayırıq və düşmənin hücuma keçən qüvvələrini metodik olaraq darmadağın edirik. Bu, təkcə bizim öz itkilərimizi minimuma endirmir, həm də mülki əhali arasında itkiləri əhəmiyyətli dərəcədə azaldır”.
Oktyabrın 8-də Ukraynadakı Rusiya qoşunlarının rəhbəri təyin edilən Surovikin Rusiyanın Suriyada çoxlu mülki vətəndaşın ölümünə səbəb olan bombardmanlarına rəhbərlik edib. Bundan əlavə, Çeçenistanda insan haqlarının pozulmasında ittiham olunan bölmələrin başında duran Surovikin müharibəyə sərt və qeyri-ənənəvi yanaşmasına görə həmkarları arasında “General Armageddon” kimi və “The Guardian”, “Hələb qəssabı” ləqəbi ilə də tanınır.
Aytac Aslan
















