- Kitabımı sizə göndərəcəm.
- ...
- Bit təklifim olacaq. Əgər bəyənməsiniz, mən sizə (çox maraqlı təklif irəli sürür)... Yox, əgər bəyənsəniz...
- Bir yazı məndən.
Razılaşırıq. Bir neçə gündən sonra "Peterburqdqan məktublar" gəlir. Və Nurlan Yunusovun kitabını oxumağa başlayıram...
... Eldar uşaq evində böyüyüb. Böyüyüb deyəndə ki, 12 yaşınadək orda yaşayıb. Sonra qaçıb uşaq evindən və yayın istisində, qışın soyuğunda parklarda, bulvarda gecələyib. Skameykalar onun çarpayısı olub. Ta o vaxta qədər ki...
Əsərin qəhrəmanı killerdi. Sifarişlə adam öldürür. Onlarla insanın həyatına qıyıb, uf demədən, göz qırpmadan.
Onu bu həyatdan Vüqar qurtarıb. Əvəzində Eldarın əlindən hər şeyini alıb - sevgilisini belə. Vüqar üçün hər şey pul üstündə bərqərar olub. Adamın gözünü pul o dərəcədə tutub ki, pul müqabilində öz arvadını yad kişilərlə yatmağa belə məcbur edir. Ancaq Eldar "dost"unun bu hərəkətini qəbul edə bilmir və növbəti qurbanlarından biri də elə Vüqar olur. Təbii ki, bunu Eldardan Vüqarın həyat yoldaşı Vüsalə istəyir. O Vüsalə ki onu Vüqara Eldar əmanət edib...
Eldar həyatı boyunca yalnız bir nəfəri öldürəndə gözündən yaş axıb. Sankt-Peterburqda yaşayan Vəli Vəliyevin qızı Gülnazı. O Gülnazı ki, ilk görüşdən ona aşiq olur. O Gülnazı ki, elə ilk görüşdən Eldarı evinə dəvət edir, bütün dərd-sərini onunla bölüşür. O Gulnazı ki, onun ölümündən sonra Eldarın da həyatı dəyişir...
... Eldar Vəli Vəliyevi öldürmək sifarişi alır. Ancaq elə etməlidir ki, bundan həyatı qədər sevdiyi Gülnaz xəbərdar olmasın. Amma...
Yataq xəstəsi olan Vəli Vəliyevi qətlə yetirən Eldar geri dönərkən Gülnaz onu görür. Və qəfildən açılan atəş nəticəsində onun da həyatına son qoyulur.
Elə bu hadisə də Eldarın həyatında silinməz izlər buraxır. Atdığı hər addımda, törətdiyi hər qətldə Peterburqu xatırlayır, Gülnaz yada düşür. Xatırlamaq, yada salmaq istəməsə də...
Eldar bu işdən əl çəkmək istəyir. Özünə bu proseslərdən uzaq, sakit həyat qurmaq istəyir. Amma nə qədər ki, onun "dost"ları sağdır, bu mümkün olan iş deyil.
Eldar yeni həyata cəhd edir. Güc tapır özündə. Kirayə tutduğu evdə sevdiyi qadınla yaşayır. Amma... Amma sevgiyə qalib gəlmək, yaxud məğlub olmaq öz əlində olmur Eldarın. Bir gün yenidən, bu dəfə vəd verildiyi kimi, sonuncu "proses"ə dəvət olunur. Qarşısında iki seçimi olur: ya əmri yerinə yetirməli, ya da sevdiyi qadını - Gülbəyazı itirməlidir. Eldar bir həyatı qurtarmaq üçün başqa bir həyata qıymağı üstün tutur. Amma sonda sevgisiylə yenidən qovuşur.
... "Peterburqdan məktublar"ın qısa məzmunu belədi.
... - Peterburqu xatırlayırsan?
- Yox.
- Axı sən orda uzun müddət yaşamısan.
- Xatırlamıram...
Qayıdaq müəllifin mənə təklifinə: "Bəyənməsiniz, sizə..."
Bəyənmədim deyib, Nurlan Yunusovun təklifini, özü də maraqlı təklifini qəbul edə bilərdim. Amma kitabı özümdən sonra daha bir neçə nəfərə oxumağı məsləhət gördümsə, demək, burda bəyənməmək söhbəti ola bilməz...
Nurlan Yunusovun "Peterburqdan məktublar"ını oxumağa dəyər...
Qalib İbrahimoğlu







jpg-1690522966.webp)





jpg-1690521173.webp)


